İspaniyanın cənub-şərqində yerləşən Valensiya vilayətində güclü yağışlar daşqınlara səbəb olub.
“Qafqazinfo” “Deutsche Welle” portalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində azı 62 nəfər həlak olub.
Daşqın səbəbindən yolları su basıb, bir neçə bölgə ilə əlaqə kəsilib. Bununla yanaşı, elektrik enerjisi və rabitə verilişində problemlər yaranıb.
Eyni zamanda, əlverişsiz hava şəraiti səbəbindən Malaqada içərisində 300 sərnişin olan sürət qatarı relsdən çıxıb. Hadisə zamanı xəsarət alan olmasa da, Valensiya və Madrid arasında sürət qatarlarının hərəkəti dayandırılıb.
Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.
Meteoroloqların proznoqlarına əsasən, əlverişsiz hava şəraiti oktyabrın 31-nə qədər davam edəcək.
***
İspaniya hökuməti, mülki müdafiə və yerli hökumət rəsmiləri tərəfindən verilən açıqlamalarda şiddətli yağış və fırtınalardan ən çox zərər çəkən bölgələrdən biri olan Valensiyada 70, Kastiliya-La Mançada isə 2 nəfərin cəsədinin tapıldığı bildirilib.
Valensiyada itkin düşənlərin sayının onlarla olduğu, Kastiliya-La Mançada ən az 5 nəfərin itkin düşdüyü və itkin düşənlərin axtarışlarının davam etdiyi açıqlanıb.
Səlahiyyətlilər həmçinin Valensiyanın müxtəlif bölgələrində daşqın səbəbindən onlarla insanın qapalı vəziyyətdə qaldığını, bölgədə elektrik enerjisinin kəsildiyini, təhsilin dayandırıldığını qeyd edib.
***
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
Onlardan 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.