İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü keçirildi - Fotolar

istanbulda-dunya-azerbaycanli-elm-xadimlerinin-gorusu-kecirildi
Oxunma sayı: 1352

Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşü (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə və Azərbaycanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Tədbiri açıq elan edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşün əhəmiyyətinə diqqəti cəlb edib və Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayında Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlı alimlərin qüvvələrinin birləşdirilməsi ilə bağlı tövsiyəsini xatırladıb. Bildirib ki, məhz həmin tövsiyədən sonra xaricdə yaşayan azərbaycanlı alimlərin görüşlərinin keçirilməsi, onların potensialının Azərbaycanın xeyrinə istifadə olunması yolları ilə bağlı müzakirələr aparılıb. 

14 ölkədən (Türkiyə, ABŞ, Fransa, Kanada, Almaniya, Avstriya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Gürcüstan, Cənubi Koreya, Estoniya, İsveç, Misir) 20 alimin iştirak etdiyi tədbirə dörd ölkədən (Çin, Yaponiya, Oman və Səudiyyə Ərəbistanı) azərbaycanlı elm adamı onlayn formatda qoşulub.

Ölkəmizin Zəfər Gününə həsr olunmuş videoçarxın nümayiş olunmasından sonra tədbirdə çıxış edən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə alimləri salamlayıb və görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Türkiyə Elmlər Akademiyası Şurasının üzvü, Sabahattin Zaim Universitetinin rektoru  Prof.Dr. Ahmet Cevat Acar dünyadakı türk və azərbaycanlı həkimlərin ortaq çalışmalarının əhəmiyyətindən və bu gün daha vacib olmasından danışıb.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyinin rəhbəri Ülkər Səttarova beynəlxalq elmi layihələrin Azərbaycana gətirilməsi və gənc alimlərin formalaşdırılması işinə bugünkü toplantının töhfə verəcəyinə əminliyini ifadə edib.

Kanadanın Ontario ştatının Vaterloo Universitetinin sabiq prezidenti, mexanika mühndisliyi üzrə professor Ferudin Həmdullahpur “Sürətlə dəyişən dünyamızda Elm/sənət-Cəmiyyət-İqtisadiyyat Üçbucağı: ali təhsilin yeri və rolu” mövzusu üzrə təqdimatla çıxış edib.

Tədbirdə konsepsiyaya uyğun olaraq görüşün məqsədləri nəzərdən keçirilib, iştirakçıların rəy və təklifləri dinlənilib, əsas müzakirə mövzularının və formatının müəyyənləşdirilməsi üzrə İşçi qrupları formalaşdırılıb.

Dünya Azərbaycanlı Alimlərin Forumunun keçiriləcəyi ölkənin və məqsədəuyğun vaxtın seçilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.