iTicket 10 yaşında!

iticket-10-yasinda
Oxunma sayı: 283

2016-cı ildə yaradılan iTicket və 2018-ci ildə fəaliyyətə başlayan iTicket Production birlikdə bilet texnologiyası, girişə nəzarət, artist bukinqi və tədbir prodakşnını birləşdirən, beş ölkədə fəaliyyət göstərən regional ekosistem formalaşdırıb.

On il əvvəl Bakıda tədbir bileti almaq çox vaxt kassaya getmək, növbə gözləmək və kağız bileti tədbir gününədək saxlamaq demək idi. Bu gün eyni proses bir neçə toxunuşla tamamlanır: istifadəçi məkanı rəqəmsal xəritədə nəzərdən keçirir, yerini seçir, ödəniş edir və mobil biletlə turniketdən keçir.

Bu baxımdan iTicket-in 2016-2026-cı illəri əhatə edən tarixçəsi yalnız bir şirkətin böyümə hekayəsi deyil. Bu, eyni zamanda Azərbaycanda tədbir bazarının rəqəmsallaşması, irimiqyaslı layihələr üçün yerli texnoloji infrastrukturun yaradılması və toplanmış təcrübənin regional bazarlara daşınması salnaməsidir.

Rəqəmsallaşma ilə başlayan yol

iTicket.az 2016-cı ildə Bakıda fəaliyyətə başlayanda məqsəd sadə və konkret idi: tamaşaçı ilə getmək istədiyi tədbir arasındakı yolu qısaltmaq. Platforma bilet seçimini, ödənişi və elektron bileti vahid rəqəmsal prosesdə birləşdirərək o dövr üçün hələ yeni sayılan istifadəçi təcrübəsi təklif edirdi.

İlk böyük sınaq cəmi bir il sonra gəldi. 2017-ci ildə iTicket.az IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, qadınlar arasında Avropa Voleybol Çempionatı və UEFA Çempionlar Liqasının qrup mərhələsi kimi beynəlxalq layihələrdə rəsmi təchizatçı qismində bilet satışı və girişə nəzarət həlləri təqdim etdi.

Yeni yaranmış şirkət üçün bu layihələr sadəcə portfolioya əlavə olunan nüfuzlu adlar deyildi. Minlərlə istifadəçinin eyni anda sistemə daxil olduğu, oturacaq planlarının dəqiq işləməsinin və girişlərin fasiləsiz idarə olunmasının tələb edildiyi tədbirlər platformanın real yük altında ilk ciddi sınağına çevrildi. Elə həmin il Android tətbiqinin istifadəyə verilməsi bilet alışını kompüter ekranından mobil telefona daşıdı.

2018-ci ildə Formula 1, UCI BMX Dünya Çempionatı və Zhara Festivalı iTicket-in texnoloji tərəfdaş mövqeyini gücləndirdi. Həmin il iTicket Global çətiri altında artist bukinqi, konsert promouterliyi və tədbir prodakşnı üzrə ixtisaslaşan iTicket Production yaradıldı. Beləliklə, iTicket bilet satışı və girişə nəzarətə, iTicket Production isə artist bukinqi və konsertlərin təşkilinə fokuslandı.

Bakıdan regional bazarlara

iTicket-in beynəlxalq ekspansiyası da 2018-ci ildə başladı. iTicket.UZ-un istifadəyə verilməsi ilə Özbəkistan şirkətin Azərbaycan xaricindəki ilk bazarına çevrildi. Ardınca iTicket Global qrupu formalaşdı, Bakıda yaradılan texnologiyanın regional miqyasda tətbiqi isə şirkətin əsas inkişaf istiqamətlərindən biri oldu.

2019-cu ildə iOS tətbiqinin istifadəyə verilməsi platformanı hər iki əsas mobil əməliyyat sistemində əlçatan etdi. Həmin dövrün ən diqqətçəkən yeniliklərindən biri 3D məkan xəritələri idi. İstifadəçi bileti almamışdan əvvəl zalın quruluşunu və seçdiyi yerin səhnəyə nəzərən mövqeyini daha aydın görə bilirdi. Bununla bilet satışı sektor və sıra seçimi ilə məhdudlaşmayaraq istifadəçiyə daha aydın və əsaslandırılmış qərar vermək imkanı yaratdı. Həmin il Bakıda keçirilən UEFA Avropa Liqasının finalı və Avropa Gənclər Olimpiya Festivalı da iTicket-in beynəlxalq layihələr portfoliosuna daxil oldu.

2021-ci ildə həyata keçirilən rebrendinq şirkətin dəyişən miqyasını vizual kimliyində də əks etdirdi. Pandemiya səbəbindən həmin il keçirilən UEFA EURO 2020 zamanı iTicket turnirin biletlərinin rəsmi satışını həyata keçirən yeganə üçüncü tərəf bilet şirkəti oldu. Bu status yerli texnologiya platformasının Avropa futbolunun ən nüfuzlu turnirlərindən birində rəsmi satış kanalı kimi etibarını təsdiqlədi. Elə həmin il iTicket Expo 2020 Dubai-nin rəsmi bilet satış tərəfdaşlarından biri kimi biletləri beş müxtəlif bazarda təqdim etdi. Bu əməkdaşlıq yerli platformanın qlobal tədbir ekosisteminə inteqrasiyası baxımından mühüm mərhələ idi.

Bilet satışından tammiqyaslı tədbir ekosisteminə

2022-ci ildə iTicket-in Türkiyə bilet bazarına daxil olması coğrafi genişlənmənin növbəti mərhələsi oldu. Bu bazarda iTicket bilet texnologiyası və satış infrastrukturunu, iTicket Production isə artist bukinqi, konsert promouterliyi və tədbir prodakşnını inkişaf etdirməklə qrupun tamamlayıcı fəaliyyət modelini regional miqyasda genişləndirdi.

Şirkətin məlumatına görə, iTicket-in Türkiyə bilet bazarındakı payı hazırda təxminən 12 faizdir, gəliri isə illik müqayisədə təqribən 3 dəfə artır. Platforma konsert və festivallardan mədəni tədbirlərə və idman yarışlarına qədər canlı əyləncə sektorunun, demək olar ki, bütün istiqamətləri üzrə fəaliyyət göstərir. Türkiyədə iTicket-i fərqləndirən texnoloji həllərdən biri interaktiv 2D və 3D məkan sxemlərinin tətbiqi olub. Şirkət, həmçinin bir neçə operatorun vahid bilet inventarını inteqrasiya olunmuş kanallar vasitəsilə satışa çıxarmasına imkan verən ortaq bilet hovuzu infrastrukturu yaradır.

Bu modelin ən nəzərəçarpan nəticələrindən biri 2023-cü ildə Imagine Dragons-un ilk Bakı konserti oldu. Bakı Olimpiya Stadionunda keçirilən layihə iTicket Production tərəfindən təşkil edildi, biletlər isə iTicket.az vasitəsilə satıldı. Şirkətin açıqladığı məlumatlara görə, konsert üçün 39 min bilet satılmış, tamaşaçıların təxminən 10 mini xaricdən Azərbaycana gəlmişdi. Beləliklə, tədbirin təsiri bir gecəlik konsert çərçivəsini aşaraq turizm və şəhər iqtisadiyyatına da yayıldı.

2023-cü ildə iTicket Production-ın regional layihələr portfoliosuna Tarkanın Bakı, Almatı və Daşkəndi əhatə edən turnesi də daxil oldu. Üç şəhəri və üç bazarı birləşdirən bu layihə şirkətin beynəlxalq artist bukinqi və regional tədbir koordinasiyası sahəsində imkanlarını nümayiş etdirdi.

Həmin il Tofiq Bəhramov adına Respublika Stadionunda elektron bilet və girişə nəzarət sisteminin iTicket infrastrukturu ilə inteqrasiyası şirkətin fəaliyyətinin digər mühüm tərəfini göstərdi. Səhnədə görünməyən bu sistemlər tamaşaçıların stadiona daha sürətli və nizamlı keçidini təmin edir, təşkilatçıya isə satış və giriş məlumatlarını vahid texnoloji zəncirdə idarə etmək imkanı verirdi.

Böyük səhnələr, böyük məsuliyyət

2024-cü ilin noyabrında COP29 Bakını dünyanın siyasi və ictimai gündəminin mərkəzinə çevirdi. Konfransın ictimaiyyət üçün açıq Green Zone hissəsinə elektron qeydiyyat və biletlər iTicket.az üzərindən təqdim olundu; qeydiyyatın ilk iki saatında 5 mindən çox müraciətin daxil olması sistemin qarşılaşdığı tələbin miqyasını göstərirdi.

2024-cü ildə Azərbaycandakı birgə konsertdən sonra Mor ve Ötesi Azərbaycan Kamera Orkestri ilə əməkdaşlığı davam etdirmək qərarına gəldi; iTicket Production isə orkestrin qrupla ilk kommersiya konsertinə qatılmasına təşkilati dəstək verdi.

Eyni il iTicket Production Formula 1 Azərbaycan Qran-Prisinin konsert proqramı üçün Will Smith, J Balvin və Black Coffee-ni bukinq etdi; iTicket isə bilet satışı və girişə nəzarəti təmin etdi. DREAM FEST 2024 və Qarabağ FK-nın Avropa oyunları da iTicket.az-ın bilet satışı və girişə nəzarət üzrə əsas layihələri sırasında yer aldı. İlin sonunda IQ Magazine iTicket-i Azərbaycanın aparıcı bilet platformalarından biri kimi təqdim etdi.

2024-cü ildə Qırğızıstanda ofisin açılması iTicket-in Mərkəzi Asiyadakı mövqeyini daha da möhkəmləndirdi. Yerli əməliyyat bazası vasitəsilə şirkət Qırğızıstan bazarında bilet və tədbir infrastrukturunu inkişaf etdirir, Azərbaycan və Özbəkistanda formalaşdırdığı texnoloji təcrübəyə, girişə nəzarət üzrə səriştəyə və əməliyyat standartlarına söykənir. Beləliklə, Qırğızıstan iTicket üçün xəritədə sadəcə yeni bir nöqtə deyil, vahid regional şəbəkənin ayrılmaz hissəsinə çevrildi.

2025-ci ildə iTicket Production şirkəti Dream Group International ilə tərəfdaşlıq çərçivəsində OneRepublic-in Bakı Kristal Zalındakı və Justin Timberlake-in Bakı Olimpiya Stadionundakı konsertlərini birgə təşkil etdi. OneRepublic konsertinə xaricdən 3 minə yaxın qonaq qatıldı, Justin Timberlake konsertində isə 21 minə yaxın turist qonaq kimi iştirak etdi. İstanbulun Ataköy Marina məkanındakı Limp Bizkit konserti şirkətin Türkiyə prodakşn portfoliosunu genişləndirdi. Formula 1 həftəsi üçün Anyma, Glass Animals və Martin Garrix-in bukinqi də iTicket Production tərəfindən həyata keçirildi. Minifutbol üzrə Dünya Çempionatı və III MDB Oyunlarında isə iTicket.az bilet satışı və girişə nəzarəti təmin etdi.

iTicket Mərakeş bazarına daxil olmaqla şirkətin fəaliyyət coğrafiyası Afrikaya qədər genişləndi. Azərbaycan, Özbəkistan, Türkiyə, Qırğızıstan və Mərakeşi əhatə edən şəbəkə iTicket Global-ı ödəniş infrastrukturu, dil, tədbir formatları və istifadəçi davranışı baxımından fərqli bazarlara uyğunlaşan regional platformaya çevirdi.

5 ölkə, 23 800+ tədbir, 26 milyon+ bilet, 2,4 milyon + istifadəçi

Şirkətin 18 avqust 2026-cı il tarixinə olan göstəricilərinə görə, iTicket-in beş ölkədə fəaliyyət göstərən platformaları üzrə ümumilikdə 23 805 tədbir üçün 26 342 700 bilet satılıb, qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 2 441 851-ə çatıb. Şirkətin fəaliyyət coğrafiyası Azərbaycan, Özbəkistan, Türkiyə, Qırğızıstan və Mərakeşi əhatə edir. Bu rəqəmlər iTicket-in on il ərzində lokal platformadan regional şəbəkəyə qədər keçdiyi inkişafın miqyasını göstərir.

Texnologiya görünməyən infrastruktura çevriləndə

iTicket-in on illik inkişafında əsas dəyişiklik biletlərin sadə rəqəmsallaşdırılmasından xeyli geniş məna daşıyır. Kağız bileti elektron faylla əvəz etmək ilk addım idi; növbəti mərhələ bileti istifadəçi hesabına bağlı, idarə olunan və təhlükəsiz rəqəmsal məhsula çevirmək oldu.

2025-ci ildə mobil tətbiqdə aktivləşdirilən QR-bilet modelinə keçid smartfonla tədbirə giriş prosesini vahid sistemin tamhüquqlu hissəsinə çevirdi. Şəxsi hesab üzərindən biletin idarə olunması, onlayn qaytarma imkanları və girişə nəzarət sistemləri təşkilatçıya satışdan turniketə qədər vahid məlumat axını, tamaşaçıya isə daha rahat təcrübə təqdim edir.

Bu infrastrukturun əhəmiyyəti ən çox böyük tədbirlərdə görünür. On minlərlə insanın qısa müddətdə məkana daxil olduğu layihələrdə bilet satışı, akkreditasiya və girişə nəzarət ayrı-ayrı xidmətlər deyil, bir-birini tamamlayan vahid əməliyyat sistemidir.

Onuncu ildə yeni mərhələ

2026-cı ildə iTicket fəaliyyətinin onuncu ilini yenilənmiş sayt və mobil tətbiqlə qarşılayır. Yeni interfeys istifadəçinin tədbiri tapmaqdan bileti idarə etməyədək keçdiyi yolu sadələşdirir. Artistlər haqqında məlumatların toplandığı ayrıca səhifələr, biletlərin onlayn qaytarılması və süni intellekt əsaslı çatbot platformanın məzmun və xidmət imkanlarını genişləndirir. Çatbot istifadəçiyə maraqlarına uyğun tədbiri tapmaq və bileti birbaşa dialoq zamanı almaq üçün köməkçi kimi nəzərdə tutulub.

2026-cı ildə iTicket WUF13 üçün akkreditasiya sistemini təmin edərək irimiqyaslı beynəlxalq tədbirlər üzrə etibarlı texnologiya tərəfdaşı kimi mövqeyini daha da gücləndirdi.

iTicket Global çətiri altında fəaliyyət göstərən iTicket Production Qazaxıstan bazarı üçün Ye-nin (Kanye West) 15 avqust 2026-cı il tarixli çıxışının bukinqini həyata keçirdi. Bu layihə şirkətin yüksək səviyyəli artist bukinqi üzrə regional imkanlarını və beynəlxalq tərəfdaş kimi mövqeyini gücləndirdi.

2026-cı ildə Türkiyə bazarında da iTicket üçün yeni satış göstəricisi qeydə alındı. Manifest konserti üçün cəmi bir gün ərzində 55 min bilet satılaraq Türkiyədə indiyədək qeydə alınmış ən yüksək birgünlük bilet satışı göstəricisi əldə olundu. Bu göstərici şirkətin Türkiyə bazarındakı fəaliyyətinin miqyasını və yüksək tələbatlı tədbirlərdə böyük həcmli satışları idarə etmək imkanını göstərdi.

Eyni ildə iTicket Production Mahmut Orhanın beş şəhəri əhatə edən regional turnesini də həyata keçirdi. Turnenin marşrutuna Ulan-Bator, Almatı, Astana, Aktau və Daşkənd daxil idi. Monqolustan, Qazaxıstan və Özbəkistanı birləşdirən layihə iTicket Production şirkətinin eyni turne çərçivəsində bir neçə bazarda fəaliyyət göstərmək və layihəni regional səviyyədə koordinasiya etmək imkanlarını nümayiş etdirdi.

ABB ilə strateji tərəfdaşlıq çərçivəsində iTicket xidmətlərinin ABB mobile ekosisteminə inteqrasiyası istiqamətində aparılan işlər də bilet alışının gündəlik rəqəmsal xidmətlərlə getdikcə daha sıx əlaqələnəcəyini göstərir. Bu yanaşmada bilet ayrıca əməliyyat deyil, istifadəçinin maliyyə, mobil və əyləncə təcrübəsinin bir hissəsinə çevrilir.