Kəmaləddin Heydərov rusiyalı və belaruslu həmkarları ilə görüşdü - Video - Yenilənib

kemaleddin-heyderov-rusiyali-ve-belaruslu-hemkarlari-ile-gorusdu
Oxunma sayı: 1040

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, nazir Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq dünya çempionatında iştiraklarına görə təşəkkür edib, bu mötəbər beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə inandığını bildirib.

Azərbaycanla Rusiya arasındakı çoxşaxəli münasibətlərin yüksələn xətlə inkişafına toxunan nazir, bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq, operativ informasiya mübadiləsi və digər istiqamətlərdə uğurlu əməkdaşlıqdan danışan nazir, bu səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

Bu mənada görüş çərçivəsində imzalanan Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov səmimi görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

A.Kurenkov Azərbaycan və Rusiya arasında olan sıx əməkdaşlıq və qarşılıqlı etimad çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, səfər əsnasında aparılan danışıqların və fikir mübadiləsinin, habelə imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı” imzalanıb. Sənədi Kəmaləddin Heydərov və Aleksandr Kurenkov imzalayıblar.

***

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar ölkəmizdə səfərdə olan Belarusun fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq dünya çempionatında iştiraklarına görə təşəkkür edib, belə bir mötəbər idman tədbirinin ölkəmizdə təşkilinin əhəmiyyətinə toxunub, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv olan ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycan və Belarus arasındakı yüksək səviyyəli münasibətlərin daim genişləndiyini xatırladan Kəmaləddin Heydərov, bu çərçivədə iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında uzun illər ərzində səmərəli əməkdaşlıq təcrübəsinin formalaşdığını qeyd edib. Nazir fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində müntəzəm təmasların və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Bu səfərin və səfər əsnasında Azərbaycan və Belarus Fövqəladə Hallar nazirlikləri arasında imzalanan qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlamentin fövqəladə hallarla bağlı operativ informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Belarus fövqəladə hallar naziri Vadim Sinyavski səmimi görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

Nazir V.Sinyavski Azərbaycanla Belarus arasındakı çoxşaxəli əlaqələrin sürətli inkişafı çərçivəsində iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydasından danışıb. Bildirib ki, müxtəlif səviyyəli səfərlər, keçirilən görüşlər və imzalanan sənədlər əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu mənada, hazırkı səfər zamanı aparılan danışıqların və imzalanan sənədin Azərbaycan və Belarusun Fövqəladə Hallar nazirlikləri arasında əlaqələrin daha da genişləndirilməsinə zəmin yaradacığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonra “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi ilə “Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin Fövqəladə Halların İdarə edilməsi və Reaksiyavermə Respublika Mərkəzi” dövlət müəssisəsi arasında qarşılıqlı fəaliyyət və informasiya mübadiləsinin təşkili haqqında reqlament” imzalanıb.

Sənədi Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Belarus fövqəladə hallar naziri daxili xidmət general-mayoru Vadim Sinyavski imzalayıblar.

Daha sonra Vadim Sinyavski əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması sahəsində fəaliyyətin inkişafı və təkmilləşdirilməsinə, Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə qarşılıqlı fəaliyyətin təşkilinə verdiyi əhəmiyyətli töhfəyə görə nazir Kəmaləddin Heydərova “Həyat fəaliyyəti təhlükəsizliyinin təbliğinə görə” döş nişanını təqdim edib.

Qeyd edək ki, səfər çərçivəsində Belarus Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bir sıra qurumlarına səfər edərək fəaliyyətləri ilə yerində tanış olub.