Keyn “het-trik” etdi - “Bavariya” Almaniya Kubokunu qazandı

keyn-het-trik-etdi
Oxunma sayı: 397

Almaniyanın “Bavariya” klubu finalda “Ştutqart”ı məğlub edərək tarixində 21-ci dəfə ölkə kubokunun sahibi olub.

“Qafqazinfo” xəbər verir ki, Berlinin məşhur “Olimpiastadion”unda keçirilən final qarşılaşmasında Münhen təmsilçisi çempion “Ştutqart” üzərində inamlı qələbə qazanıb - 3:0.

Görüşün əsas qəhrəmanı isə “Bavariya”nın hücumçusu Harri Keyn olub. İngiltərə millisinin kapitanı ikinci hissədə “het-trik” edərək, komandasının qələbəsində həlledici rol oynayıb.

Oyuna fəal başlayan “Ştutqart” ilk dəqiqələrdə təhlükəli epizodlar yaratsa da, “Bavariya” zamanla üstünlüyü ələ alıb. İlk hissədə hər iki komanda qarşılıqlı hücumlarla yadda qalsa da, hesab açılmayıb.

Fasilədən sonra isə Münhen klubu oyunun gedişatını dəyişib. Maykl Olise və Harri Keynin uğurlu əməkdaşlığı nəticəsində hesab açılıb. Daha sonra Keyn daha iki dəfə fərqlənərək, matçda “het-trik” edib və mövsümdə Almaniya Kubokundakı qol sayını 10-a çatdırıb.

Final zamanı tribunalarda yandırılan pirotexniki vasitələr səbəbindən oyun qısa müddətə dayandırılıb.

Bu qələbə ilə “Bavariya” 2020-ci ildən sonra ilk dəfə Almaniya kubokunu qazanıb. Komanda baş məşqçi Vensan Kompaninin rəhbərliyi altında mövsümü ölkə daxilində “dubl”la başa vurub.

“Ştutqart” isə ardıcıl ikinci dəfə kubok finalında məğlub olaraq titulu əldən verib.