Kiyev atəşkəsə “hə” dedi - 51 dövlətdən Rusiyaya sərt tələb

kiyev-ateskese-he-dedi
Oxunma sayı: 1068

BMT-nin 51 üzv dövlətindən ibarət koalisiya Ukraynanın tam, dərhal və qeyd-şərtsiz atəşkəsə razılıq verməsini təqdir edən birgə bəyanat yayımlayıb.

“Qafqazinfo” “Kyiv Post”a istinadla xəbər verir ki, sənədi imzalayan ölkələr Rusiyanı da eyni şərtləri qəbul etməyə və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.

Birgə bəyanatda Ukrayna ilə sarsılmaz beynəlxalq həmrəylik bir daha vurğulanıb, üzv dövlətlərin Rusiyanın əsassız təcavüzü ilə üz-üzə qalan Kiyevə dəstək vermək öhdəliyi təsdiqlənib. İmza atan ölkələr qeyd ediblər ki, hərbi əməliyyatların dayandırılması müdafiə olunan tərəfə birtərəfli tələblərin qoyulmasını deyil, Moskvanın real və qarşılıqlı addımlar atmasını tələb edir.

Bununla yanaşı, koalisiya Rusiyadan qanunsuz olaraq saxlanılan, məcburi şəkildə köçürülən və ya deportasiya edilən bütün ukraynalı mülki şəxslərin dərhal və qeyd-şərtsiz təhlükəsiz şəraitdə geri qaytarılmasını tələb edib. Bəyanatda xüsusilə Rusiya ərazisinə aparılmış minlərlə ukraynalı uşağın təcili olaraq vətəninə reabilitasiya edilməsi və qaytarılması mühüm şərt kimi irəli sürülüb.