Klinikadan jurnalistin anasının ölümü ilə bağlı - Açıqlama

klinikadan-jurnalistin-anasinin-olumu-ile-bagli
Oxunma sayı: 4497

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb.

Tibb müəssisəsindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, 1967-ci il təvəllüdlü xəstə martın 7-si ürəkbulanma, tək-tək qusma, göbəkaltı nahiyədə ağrılar və arıqlama şikayətləri ilə hospitala müraciət edib.

Qeyd edilib ki, həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb: “Martın 9-da xəstə “İstanbul NS” Kilinikasında qastrofibroskapiya müayinəsindən keçib.11.03.2024-cü il tarixindən başlayaraq 18.03.2024-cü il tarixinədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.

18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS” Klinikasında ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq”.

Qeyd edək ki, mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir. O, klinikada valideyninə müayinə olunmadan sistem köçürülməsini bildirib. 

Həmçinin Baş Prokurorluq məlumat yayaraq hadisənin Sabunçu Rayon Prokurorluğunda araşdırıldığını bildirib.