Klublararası DÇ də keçirilməyə bilər - FIFA-ya təzyiqlər artır

klublararasi-dc-de-kecirilmeye-biler
Oxunma sayı: 390

2029-cu ildə keçirilməsi planlaşdırılan Klublararası Dünya Çempionatı təxirə salına və ya, ümumiyyətlə, keçirilməyə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Express” nəşri məlumat yayıb.

Məlumata görə, buna səbəb FIFA ilə Avropanın aparıcı klubları arasında turnirdə iştirakla bağlı razılığın əldə olunmamasıdır.

Hazırda turnirə ev sahibliyi etməkdə Avstraliya, Yeni Zelandiya, Braziliya, Almaniya, Meksika və İngiltərə maraqlıdır. Bununla belə, ən ehtimal olunan namizədlər sırasına Qətər və Amerika Birləşmiş Ştatlarının adları çəkilir.

Xatırladaq ki, 2025-ci ildə Klublararası Dünya Çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-də keçirilib. Turnir ilk dəfə 32 komandanın iştirakı ilə yeni, genişləndirilmiş formatda baş tutub və finalda Londonun “Çelsi” klubu Fransanın PSJ komandasına 3:0 hesabı ilə qalib gələrək çempion olub.

Məlumat üçün bildirək ki, klub futbolu ətrafında yaranan bu gərginlik FIFA-ya qarşı artan narazılığın yalnız bir hissəsidir. Belə ki, İyulun 28-də FIFA prezidenti Canni İnfantinonun milli komandaların dünya çempionatını kommersiyalaşdırmaq niyyətində olması barədə yayılan xəbərlərdən sonra vəziyyət daha da kəskinləşmişdi. Mənbələrə görə, o, baş turnirin idarə olunması üçün ayrı bir şirkət yaratmağı və onun səhmlərinin 20-30%-ni investorlara satmağı planlaşdırırdı.

Onu da qeyd edək ki, bu təşəbbüs isə futbol ictimaiyyətinin kəskin müqaviməti ilə qarşılaşdı. UEFA-nın bütün üzv ölkələri, o cümlədən Azərbaycan bu layihə təsdiqlənəcəyi təqdirdə milli komandaların 2030-cu il dünya çempionatını boykot etmək barədə yekdilliklə qərar qəbul etdilər. Daha sonra avropalıların boykotuna Asiya Futbol Konfederasiyası (AFC) və KONKAKAF da qoşulacağını bildirdi. Yaranmış misilsiz təzyiq fonunda FIFA bu layihədən imtina etməyə məcbur oldu.