Köhnə mahnılarımızı yadımıza salır... - Video

kohne-mahnilarimizi-yadimiza-salir
Oxunma sayı: 1895

Onu sosial şəbəkələrdə paylaşdığı videolarla tanımışdım. Müxtəlif mahnılardan bir hissə səsləndikdən sonra kamançasını əlinə alır, melodiyanın davamını bu qədim musiqi alətinin səsində canlandırırdı. 

Söhbət “Rza Kaman” adı ilə tanınan 22 yaşlı gənc musiqiçi Reza Mohammadidən gedir. Onunla tanış olmaq, musiqiyə münasibətini, kamança ilə qurduğu bağın hekayəsini dinləmək üçün “Qafqazinfo” olaraq Azərbaycan Milli Konservatoriyasına yollandıq.

Reza Mohammadi 2004-cü ildə İranın Təbriz şəhərində anadan olub. İbtidai və orta ixtisas musiqi təhsilini İqbal Azər adına Musiqi Konservatoriyasında alıb. Kamança ifaçılığı üzrə ixtisaslaşan gənc ardıcıl dörd il “İlin ən yaxşı musiqi tələbəsi” adına layiq görülüb. 2023-cü ildən təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirir. İfaçılıq fəaliyyəti ərzində bir sıra milli və beynəlxalq müsabiqə və festivallarda uğur qazanıb.

Rezanın kamançaya marağı doqquz yaşında başlayıb. İlk il uşaq musiqi məktəbində qrup dərslərində iştirak edib, sonradan isə hansı aləti seçəcəyinə özü qərar verib. Bu qərarın arxasında muğam müsabiqələrindən birində gördüyü ifa dayanır: “Yadımdan heç vaxt çıxmaz, ilk dəfə kamançanı ustadım Elnur Əhmədovun əlində televiziyada görmüşəm. Muğam müsabiqələrini izləyərkən onun ifasına rast gəlmişdim. O zaman bu insanın kim olduğunu hələ bilmirdim. Sadəcə, kamança ifası məni çox cəlb etmişdi”.

Təbrizdə kamança dərslərinə başlayan gəncin ilk müəllimi Səyid Mirzəzadə olub. Reza üçün bu dərslər yalnız musiqi öyrənmək demək deyildi. Bakıya gəlmək, Azərbaycan Milli Konservatoriyasında təhsil almaq və öz musiqi yolunu burada davam etdirmək arzusu da həmin illərdə formalaşmağa başlayıb.

Bu gün artıq 12 ildir kamança ilə məşğul olan gənc, demək olar ki, hər gün məşq edir: “Ailəmdə musiqi ilə peşəkar şəkildə məşğul olan ilk şəxs anam olub. Anam tar dərslərinə gedirdi, amma bundan uzun müddət xəbərim olmayıb. Təxminən iki il sonra anamın tar ifa etdiyini öyrəndim”.

Rezanı sosial şəbəkələrdə fərqləndirən əsas cəhət onun ifa formatıdır. Onun sözlərinə görə, bu ideya təxminən iki-üç il əvvəl yaranıb. İlk videonu paylaşanda bu qədər maraqla qarşılaşacağını gözləmirmiş. Təxminən 60–70 min baxış toplayan video ona ideyanın üzərində işləmək üçün əlavə həvəs verib. Sonralar fərqli mahnılar seçərək demək olar ki, hər həftə yeni ifa paylaşmağa başlayıb.

Bu formatda paylaşdığı ilk mahnı Şövkət Ələkbərovanın ifasında tanınan “Getmə, getmə, gəl” olub: “Düzünü desəm, bu qədər maraq görəcəyini gözləmirdim. İndi çoxları mənə yazır, deyirlər ki, sənin səhifəndə paylaşdığın ifalar vasitəsilə yeni musiqilər kəşf edirik. İndi dünyanın müxtəlif ölkələrindən mənə müraciət edən, kamança dərsləri almaq istəyən şagirdlərim də var. Onlar məhz məndən öyrənmək istədiklərini deyirlər. Mən isə bildirirəm ki, hələ özüm də tələbəyəm, öyrənməyə davam edirəm”. 

Sosial şəbəkələrdəki fəaliyyətinin maddi tərəfinə gəldikdə isə, müxtəlif reklam və təbliğat əməkdaşlığı təklifləri alsa da, hazırda bunlara çox vaxt ayırmır. Onun əsas məqsədi təhsilini uğurla başa vurmaq, yüksək nəticələrlə məzun olmaq və musiqi fəaliyyətini inkişaf etdirməkdir.

Rezanın kamançada ifa etmək istədiyi, lakin hələ arzuladığı səviyyədə təqdim edə bilmədiyi bir əsər var: Habil Əliyevin ifasındakı “Sarı gəlin”...

“Təxminən bir ilə yaxındır ki, Habil müəllimin ifasında olan “Sarı gəlin” mahnısını kamançada ifa etmək istəyirəm. Bir neçə dəfə cəhd etmişəm. Amma görürəm ki, həmin mahnını istədiyim səviyyədə ifa edə bilmək üçün ən azı on gün vaxt ayırmalıyam. Bu müddətdə hər gün iki-üç saat məşğul olsam, nəticə əldə edə bilərəm. Ancaq hər dəfə başqa işlər çıxır və bu planım təxirə düşür. “Sarı gəlin” çox həssas və gözəl mahnıdır. Habil müəllim onu elə ifa edib ki, həmin səviyyəyə yaxınlaşmaq belə çox çətindir. Mahnını dəfələrlə sınamışam, məni həqiqətən çox çətinliyə salıb. Amma heç vaxt yadımdan çıxmayıb və hələ də planlarım arasındadır. İstəyirəm ki, nəhayət, onu öz ifamda təqdim edim”, - deyə Reza bildirib. 

Rezanın ifaları eyni zamanda sənətçilərin də diqqətini çəkir: “Rəşid Behbudovun repertuarından ilk paylaşdığım mahnılardan biri ilə bağlı Əməkdar artist Ramil Qasımov mənə şəxsən yazmışdı. Bu mənim üçün çox önəmli hadisə idi. Belə sənətkarların diqqətini və dəstəyini görmək insana əlavə ruh verir, onu daha çox çalışmağa həvəsləndirir. Daha sonra Nəzakət xanımın ifasında olan “Qal, sənə qurban” mahnısını kamançada ifa etdim. Nəzakət xanımın özü mənə yazdı”. 

Sevdiyi sənətkarlarla eyni səhnəni bölüşmək də onun arzuları arasındadır: “Artıq həyatda olmayanlardan Habil Əliyevlə bir ifamın olmasını çox istərdim. Lakin hazırda isə ən çox arzuladığım Nəzakət Teymurovadır. “Qal sənə qurban”ı birlikdə ifa etməyi çox istəyirəm”. 

Lamiyə Məmmədova

Foto-Video: Xəyal Vəlizadə