Kokain paketləri 7 ildə un oldu - Fotolar

kokain-paketleri-7-ilde-un-oldu
Oxunma sayı: 1124

 

Cənubi Sakit okeanın turizm cənnəti kimi tanınan Ficidə polis anbarında saxlanılan kokainlə bağlı qalmaqal yaşanıb. Yeddi il əvvəl müsadirə edilən 39 paket kokainin hamısının sonradan unla əvəz edildiyi üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Latın Amerikasından Avstraliyaya narkotik daşınması marşrutlarının üzərində yerləşən Ficidə polis 2019-cu ildə keçirdiyi əməliyyat zamanı hər biri təxminən 1 kiloqram ağırlığında 39 paket kokain ələ keçirib.

Narkotik maddələr paytaxt Suvadakı Ali Məhkəmə binasında məhkəmə sübutu kimi saxlanılıb. Bu ilin əvvəlində yeddi paketin müəmmalı şəkildə yoxa çıxmasından sonra araşdırma başlanıb. İstintaq çərçivəsində anbarda qalan digər paketlər də yenidən ekspertizadan keçirilib.

Məhkəmə-tibbi ekspertizasının nəticələri qalmaqalın miqyasını ortaya çıxarıb. Araşdırma zamanı bütün paketlərin içərisində kokain əvəzinə un olduğu müəyyən edilib.

AFP-nin məlumatına görə, yeddi il əvvəl keçirilən ilkin testlər paketlərin kokainlə doldurulduğunu təsdiqləmişdi. Lakin son ekspertiza zamanı paketlərin heç birində qadağan olunmuş maddənin izinə rast gəlinməyib.

Beləliklə, məhkəmə sübutu kimi qorunan 39 paket kokainin sonradan kimlər tərəfindən və necə dəyişdirildiyi sualı ortaya çıxıb. Detektivlər indi narkotiklərin polisin nəzarətində olan və təhlükəsiz məkanlardan biri hesab edilən məhkəmə sübutları anbarından necə çıxarıldığını və kimlərin bu işdə iştirak etdiyini araşdırırlar.

Fici və Tonqa kimi Sakit okean adaları Latın Amerikasından gələn kokainin daşındığı marşrutların üzərində yerləşir. “Sakit Okean Narkotik Yolu” kimi tanınan bu istiqamətdə son illərdə sintetik metamfetamin qaçaqmalçılığının da artdığı bildirilir.

Bu marşrutla daşınan narkotiklərin bir hissəsinin artıq yerli bazarlara çatması regionda narkotik asılılığı problemini də dərinləşdirir.