Kolumbiyada 15 nəfəri daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində bütün sərnişinlər və heyət üzvləri həlak olub.
“Qafqazinfo” xəbər verir ki, “Beech 1900D” tipli təyyarə Şimali Santander bölgəsində qəzaya uğrayıb.
Təyyarədə 13 sərnişin və 2 heyət üzvü olub.
Şimali Santander vətəndaş təhlükəsizliyi katibi Corc Quintero bildirib ki, təyyarənin qalıqları La Playa şəhəri yaxınlığındakı Kurasika kəndində fermerlər tərəfindən aşkarlanıb.
Onun sözlərinə görə, qəza nəticəsində 13 sərnişin və 2 heyət üzvü həyatını itirib, əraziyə çoxsaylı axtarış-xilasetmə qrupları cəlb olunub.
Şimali Santander qubernatoru Uilyam Villamizar isə yerli mediaya açıqlamasında qeyd edib ki, təyyarə La Playa şəhəri ərazisində qorunan zonada tapılıb:
“Təəssüf ki, ilkin görüntülər sağ qalanların olmadığını göstərir. Hazırda yeddi cəsəd tapılıb, digərlərinin axtarışı davam edir”.
Qəzada Kolumbiya Nümayəndələr Palatasının üzvü Diojenes Kintero Amayanın da həlak olduğu bildirilib.
Son xəbərlər
Son Xəbərlər