Avropa Parlamenti informasiya təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən deputatların və əməkdaşların iş cihazlarında süni intellekt funksiyalarını söndürüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, AP-nin informasiya texnologiyaları bölməsi süni intellektlə təchiz olunmuş cihazlarda kibertəhlükəsizlik və məlumatların qorunmasının tam təmin edilə bilməyəcəyi qənaətinə gəlib.
Aparılan qiymətləndirmə zamanı müəyyən edilib ki, bəzi süni intellekt funksiyaları tapşırıqları yerinə yetirmək üçün bulud xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənara ötürür. Bu isə məlumat sızması riskini artırır. Araşdırmadan sonra AP üzvlərinin və əməkdaşlarının iş məqsədilə istifadə etdikləri cihazlarda süni intellekt xüsusiyyətləri deaktiv edilib.
Bundan əlavə, qurum deputatlara işlə bağlı istifadə etdikləri şəxsi cihazlarda da oxşar təhlükəsizlik tədbirlərinin görülməsini tövsiyə edib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) son illərdə xarici ölkələrdən texnologiya tədarükü ilə bağlı narahatlıqlar fonunda məlumat təhlükəsizliyi siyasətini gücləndirib. AP 2023-cü ildə əməkdaşların xidməti cihazlarında “TikTok” sosial media platformasından istifadəyə də qadağa qoymuşdu.
Son xəbərlər
Son Xəbərlər