Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas məqsədi təşkilatda şəffaflığın artırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi və qarşısının alınması, cəmiyyətdə korrupsiya təzahürlərinə qarşı dözümsüzlük mühitinin formalaşdırılması, korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsini istisna edən şəraitin yaradılmasıdır.
Məlumat verən şəxslərin həvəsləndirilməsinin və müdafiəsinin əsas prinsipləri aşağıdakılardır:
- qanunçuluq, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət edilməsi, o cümlədən ayrı-seçkiliyə yol verilməməsi və bərabərlik;
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verilməsinin könüllülüyü;
- məlumat verən şəxs barədə məlumatların konfidensiallığının qorunmasının təmin edilməsi və belə məlumatların yalnız onun yazılı razılığı olduğu halda açıqlanması;
- məlumat verən şəxs əhəmiyyətli yanılmanın təsiri altında məlumat verdikdə də onun müdafiəsinin təmin edilməsi (vicdanlılıq prezumpsiyası);
- korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən subyektlərin müstəqilliyi, obyektivliyi və qərəzsizliyi;
- məlumat verən şəxsin peşə (əmək) fəaliyyətinə qanunsuz təsirdən və ya ədalətsiz rəftardan müdafiəsi;
- məlumat verən şəxsə tətbiq olunan həvəsləndirilmə və müdafiə tədbirlərinin mütənasibliyi.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər