Kraliçanın milyonluq boyunbağısı oğurlandı

kralicanin-milyonluq-boyunbagisi-ogurlandi
Oxunma sayı: 224

Avstriyanın paytaxtı Vyanada yerləşən Tətbiqi Sənətlər Muzeyindən Misir Kraliçası Nazlıya məxsus milyonlarla dollar dəyərində brilyant boyunbağının oğurlandığı bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ORF məlumat yayıb.

Bildirilib ki, hadisə dünən günortadan sonra baş verib. Muzeyə ziyarətçi kimi daxil olan iki nəfər boyunbağının nümayiş etdirildiyi vitrinin şüşəsini çəkiclə sındıraraq qiymətli zinət əşyasını götürüb və hadisə yerindən qaçıb.

Polis şübhəlilərin saxlanılması üçün genişmiqyaslı əməliyyata başlayıb. Muzeydə, ətraf küçələrdə və metro stansiyalarında quraşdırılmış təhlükəsizlik kameralarının görüntüləri araşdırılır. Hadisə zamanı sərgi salonunda olan şahidlər də dindirilib.

Hüquq-mühafizə orqanları şübhəlilərin hansı sənət əsərini oğurlayacaqlarını əvvəlcədən bildiklərini ehtimal edir. Lakin istintaq davam etdiyindən oğurluğun sifarişlə həyata keçirilib-keçirilmədiyi açıqlanmayıb.

Polis iki şübhəlinin təhlükəsizlik kameralarına düşdüyünü və onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparıldığını bildirib.

Oğurluqdan sonra müvəqqəti olaraq bağlanan sərgi polis tərəfindən təhlükəsizlik qiymətləndirilməsi aparıldıqdan sonra yenidən ziyarətçilərin üzünə açılıb. Muzey isə sərginin təhlükəsiz fəaliyyətini davam etdirməsi üçün bütün lazımi şəraitin yaradıldığını açıqlayıb.

Polis oğurlanan zinət əşyasının Misir Kraliçası Nazlıya məxsus məşhur brilyant boyunbağı olduğunu təsdiqləyib. Əşyanın hazırkı dəyəri açıqlanmasa da, “Sotheby’s” hərrac evinin məlumatına görə, boyunbağı 2016-cı ildə Nyu-Yorkda keçirilən hərracda 4,3 milyon dollara satılıb.

1939-cu ildə Parisdə fəaliyyət göstərən lüks zərgərlik şirkətlərindən biri tərəfindən hazırlanan boyunbağıda 600-dən çox brilyant yerləşdirilib.

Hazırda muzeydə təxminən 500 eksponatın nümayiş olunduğu sərgidə Parisdə fəaliyyət göstərən lüks zərgərlik şirkətinin 120 illik tarixindən 300-dən çox, muzeyin kolleksiyasından isə 200-dən çox qiymətli əşya təqdim olunur.