Kubada milli elektrik şəbəkəsinin çökməsi ölkə miqyasında genişmiqyaslı elektrik kəsintisinə səbəb olub. Təxminən 9 milyon insanın yaşadığı ölkədə bu, 2026-cı ildə baş verən yeddinci ümummilli elektrik kəsintisidir.
“Qafqazinfo” xəbər verir ki, Kubanın Energetika və Mədən Nazirliyi elektrik şəbəkəsində tam kəsintinin baş verdiyini açıqlayıb.
Nazirlik sistemin bərpası üçün müvafiq protokolların işə salındığını bildirib.
Kubada mart ayında iki dəfə, iyulda isə doqquz gün ərzində üç dəfə genişmiqyaslı elektrik kəsintisi baş verib. Avqustun 3-də ölkənin elektrik sistemi yenidən çöküb və bu, ilin altıncı ümummilli kəsintisi olub.
Elektrik şəbəkəsi işlək vəziyyətdə olduqda belə, ölkənin istehsal gücü tələbatı tam ödəyə bilmir. Nəticədə bir çox bölgədə növbəli elektrik kəsintiləri tətbiq olunur və milyonlarla insan günün böyük hissəsini elektriksiz keçirir. Bu vəziyyət su təchizatı, nəqliyyat, rabitə və ərzaqların saxlanılması kimi əsas xidmətlərə də təsir göstərir.
Kubanın elektrik istehsalının böyük hissəsi neft və neft məhsulları ilə işləyən köhnə istilik elektrik stansiyalarından asılıdır. Uzun müddətdir lazımi səviyyədə təmir olunmayan stansiyalarda texniki nasazlıqlar, ehtiyat hissələrinin çatışmazlığı və yanacaq problemi elektrik sistemini fasilələrə qarşı daha həssas vəziyyətə gətirib.
Ölkənin ən böyük elektrik stansiyalarından biri olan “Antonio Guiteras” İstilik Elektrik Stansiyasındakı nasazlıqlar da əvvəllər genişmiqyaslı elektrik kəsintilərinə səbəb olub. Stansiyalardan birinin qəfil sıradan çıxması istehsal və istehlak arasındakı tarazlığı poza və nəticədə elektrik şəbəkəsinin tamamilə çökməsinə gətirib çıxara bilər.
Havana elektrik sisteminin yenilənə bilməməsinin əsas səbəblərindən biri kimi uzun müddətdir davam edən ABŞ iqtisadi sanksiyalarını göstərir. Vaşinqton isə böhranın kökündə Kuba hökumətinin iqtisadi siyasəti, investisiya çatışmazlığı və mərkəzləşdirilmiş planlaşdırma sisteminin dayandığını bildirir.


Son xəbərlər
Son Xəbərlər