Kürdəmirdə aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq - Fotolar

kurdemirde-aqroparklarda-ve-iri-fermer-teserrufatlarinda-monitorinq
Oxunma sayı: 369

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, sentyabrın 11-i Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov rayon ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçiriblər.

Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir.

Tədbirin davamı olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin, “Qərargah” üzvlərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi yarana biləcək problemlərin aradan qaldırılması, habelə Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.