Laçında hərbi nəqliyyat vasitəsi qəzaya düşdü - İki hərbçimiz həlak oldu - Yenilənib

lacinda-herbi-neqliyyat-vasitesi-qezaya-dusdu
Oxunma sayı: 5748

Laçında hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb.

Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, rayonun çətin relyefli dağlıq ərazisində hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.

Faktla bağlı araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

***

Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən sorğuya cavab olaraq bildirilib ki, sözügedən məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

Qeyd olunub ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.