Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzası baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada Granta” markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi məlum olub. Həmçinin minik maşınının idarəetməni itirərək ağaca çırpılması nəticəsində vətəndaşın deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1985-ci il təvəllüdlü Qədimov Elçin Qədim oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər