Beynəlxalq münasibətlər tarixi hər zaman rasional ağlın ideoloji korluq üzərindəki qələbələri ilə zəngindir. Lakin bəzən elə hadisələr baş verir ki, onlar sadəcə diplomatik gedişat deyil, illərlə bəslənən, uğrunda real müttəfiqlərin qəlbinin qırıldığı böyük utopiyaların çöküş hekayəsinə çevrilir. Fələstin lideri Mahmud Abbasın məhz Türkiyə Cümhuriyyətinin ən müqəddəs milli bayramında – 29 Oktyabr günü Yunan Kiprinə reallaşdırdığı rəsmi səfər məhz belə bir tarixi qırılma nöqtəsidir.
Bu səfər adi bir diplomatik təqvim təsadüfü deyil. Bu səfər, Türkiyədə Fələstin naminə can yandıran, “İslam həmrəyliyi” şüarları ilə hər fürsətdə doğma, qan qardaşı Azərbaycanı hədəf alan ideoloji dairələrin üzünə dəyən ən sərt şapalaqdır.
Xatırlayaq... Çox uzağa yox, cəmi bir neçə ay əvvələ nəzər salaq. Türkiyədəki mühafizəkar və islamçı medianın manşetlərindən, sosial şəbəkə seqmentlərindən Azərbaycana qarşı hansı kəskin ittihamlar, bəzən isə açıq təhqirlər yağırdı. Bu gün isə bu kampaniya daha geniş vüsət alıb. Amma… Bakını İsraillə münasibətlərinə, rasional xarici siyasətinə görə “xəyanətdə” ittiham edənlər, “Fələstində uşaqlar ölür, Azərbaycan isə dindaşlarına arxa çevirir”, - deyə duyğu istismarı edənlər indi haradadırlar? Uğrunda bir millətin, iki dövlətin sarsılmaz bağlarını sınağa çəkdikləri Fələstin rəhbərliyi bu gün kiminlə qucaqlaşır?

Türkiyə islamçılarının illərdir xalqın beyninə yeritdiyi “məzlum və sadiq qardaş” obrazı bu idimi?
İndi həmin islamçı şərhçilər, Bakını qaralamaq üçün növbəyə duran “klaviatura mücahidləri” dərin bir səssizliyə qərq olublar. Çünki arqumentləri tükənib, ideoloji utopiyaları real siyasətin divarına çırpılaraq parça-parça olub. İndi hansı üzlə “Amalthea” humanitar dəhlizini bəhanə gətirəcəklər? Hansı məntiqlə “Abbas Fələstini təmsil etmir”, - deyə özlərini təmizə çıxarmağa çalışacaqlar? Dövlətlər emosiyalarla yox, rəsmi rəhbərliklərlə danışır. Və bu gün Fələstin dövləti, Türkiyənin bayram günündə onun əleyhinə qurulan cəbhədə yer alıb.
İdeoloji korluqla, kor-koranə din təəssübkeşliyi ilə xarici siyasət qurmağa çalışanlar anlamalıdırlar ki, Lefkoşadakı yunan sarayında keçirilən o görüş, əslində illərdir Azərbaycana qarşı aparılan haqsız kampaniyaların dəfn mərasimidir.
Siyasətdə romantizm bitdi, acı reallıq isə ortadadır...
Aslan Vəliyev
Son xəbərlər
Son Xəbərlər