Dünən Lənkəranda keçirilən I “AzərTürkDiab” Diabet Texnologiyaları Simpoziumu müasir diabet texnologiyalarının təşviqi və regionlarda yaşayan uşaqların innovativ müalicə imkanlarına çıxışının genişləndirilməsi baxımından mühüm hadisə olub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Diabet Liqası və Türkiyə Diabet Vəqfinin əməkdaşlığı, Lənkəran şəhərində yerləşən “Yaşa” Hospitalın dəstəyi ilə təşkil olunan simpoziumda Bakıdan və Azərbaycanın müxtəlif regionlarından olan həkimlər iştirak ediblər.
Tədbirin əsas məqsədi davamlı qlükoza monitorinqi (CGM) və avtomatlaşdırılmış insulin çatdırma sistemlərinin diabetin idarə olunmasındakı rolunu müzakirə etmək, həkimlər arasında elmi bilik və təcrübə mübadiləsini genişləndirmək olub.
Azərtürkdiab 1 ci Diabet Texnologiyaları simpoziumunun açılış mərasimində simpoziumun sədri, “Referans” Endokrin və Cərrahi Mərkəzinin baş həkimi, tibb üzrə fəlsəfə doktoru Nərmin İsmayılova, Türkiyə Diabet Vəqfinin qurucusu, Acıbadem Universitetinin Diabet Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri professor Temel Yılmaz, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini, kardioloq, tibb elmləri doktoru Rəşad Mahmudov və Azərbaycan Diabet Liqasının sədri Yeganə Sultanova çıxış ediblər.
Çıxışlarda şəkərli diabetin müasir idarə olunmasında texnologiyaların əhəmiyyəti, innovativ müalicə yanaşmaları və xəstələrin həyat keyfiyyətinin yüksəldilməsi məsələləri diqqətə çatdırılıb.
Simpoziumun əsas məruzəçilərindən biri Türkiyənin Hacettepe Universitetinin tanınmış professoru, endokrinoloq Selçuk Dağdelen olub. Professor diabet texnologiyaları sahəsindəki müasir nailiyyətlər və süni mədəaltı vəzi effekti verən pompalar barədə məruzə ilə çıxış edərək iştirakçıların böyük marağına səbəb olub.
“Yaşa” Hospitaldan uşaqlara dəyərli dəstək!
Simpoziumun ən əhəmiyyətli məqamlarından biri “Yaşa” Hospitalın dəstəyi ilə regionda yaşayan 30 tip 1 diabetli uşağa davamlı qlükoza monitorinqi (CGM) cihazlarının hədiyyə edilməsi və quraşdırılması olub.
Bununla yanaşı, tip 1 diabetli bir uşağa avtomatlaşdırılmış insulin çatdırma sistemi - süni mədəaltı vəzi kimi işləyən pompa hədiyyə edilib və quraşdırılıb. Davamlı qlükoza monitorinqi ilə əlaqəli işləyən bu sistem qlükoza göstəricilərinə əsasən insulin çatdırılmasını avtomatik tənzimləyərək diabetin daha effektiv idarə olunmasına kömək edir.
“Yaşa” Hospitalının bu təşəbbüslərə verdiyi dəstək müasir tibbi texnologiyaların regionlarda əlçatanlığının artırılması, uşaqların gündəlik həyatının asanlaşdırılması və ailələrin diabetin idarə olunması prosesində dəstəklənməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda dövlətin dəstəyi ilə qeydiyyatda olan Tip 1 diabetli 18 yaşına qədər olan uşaqların müasir diabet texnologiyalarına çıxışının genişlənməsi də bu sahədə mühüm nailiyyətlərdəndir.
Lənkəranda keçirilən ilk “AzərTürkDiab” Texnologiyalar Simpoziumu Azərbaycan və Türkiyə arasında diabetologiya sahəsində elmi əməkdaşlığın möhkəmləndirilməsi ilə yanaşı, müasir tibbi yeniliklərin regionlara çatdırılmasının vacibliyini bir daha nümayiş etdirib.
Çünki diabetlə mübarizədə uğur yalnız müasir müalicə ilə deyil, həm də hər bir uşağın bu imkanlardan yararlana bilməsi ilə ölçülür. Yaşa Hospitalın dəstəyi ilə həyata keçirilən bu təşəbbüslər uşaqların sağlam gələcəyinə, həyat keyfiyyətinin yüksəldilməsinə və müasir tibbi xidmətlərin daha əlçatan olmasına verilən dəyərli töhfədir.












