“Lənkərandan Bakıya gəlməyə ehtiyac qalmayacaq”  - Süd Vəzi Diaqnostik Mərkəzi açıldı

lenkerandan-bakiya-gelmeye-ehtiyac-qalmayacaq
Oxunma sayı: 7293

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı Lənkəran şəhərində yeni açılan Süd Vəzi Diaqnostik Mərkəzinin (SVDM) rəhbəri, mammoloq-radioloq Dr. Günel Qəmbərovadır. Müsahibimiz mərkəzin fəaliyyəti ilə bağlı suallarımızı cavablandırıb.

Qeyd edək ki, Süd Vəzi Diaqnostik Mərkəzi regionda süd vəzinin diaqnostikası ilə məşğul olan ilk və tək mərkəzdir.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar mammoloq-radioloq Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının müəllimidir. Avropa Radioloqlar Assosiasiyası (ERC), Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibbi Onkoloji Dərnəyi, Qazaxıstan Mammoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyininin üzvüdür. Rusiyada keçirilən“ “A”-dan “Ya”ya Mammologiya” kursunun bütün təlimlərinə qatılan və 8 sertifikat alan yeganə azərbaycanlı həkimdir.

Hazırda ATU-nun Tədris Terapevtik Klinikasının Radiologiya şöbəsinə və  Lənkəranda fəaliyyət göstərən Süd Vəzi Diaqnostik Mərkəzinə rəhbərlik edir.

-Günel xanım, bir ilkə imza atdınız. Lənkəran şəhərində Süd Vəzi Diaqnostik Mərkəzi açıldı. İlk dəfədir ki, regionda belə bir tibb müəssisəsi fəaliyyətə başlayıb. Bu böyük uğur münasibətilə sizi təbrik edirik!

-Təbrik üçün təşəkkür edirəm! Həmişə çalışırıq ki, az da olsa, ilklərə imza ataq. 2022-ci ildə Azərbaycanda ilk dəfə süd vəzi xərçənginə həsr olunmuş "Səsimiz olun!" adlı elmi konfrans keçirdik. Bu da bir ilk idi və mart ayına təsadüf etdi. Tam bir il sonra, bu il  martın 4-də isə regionda süd vəzinin diaqnostikası ilə məşğul olan ilk mərkəzi açdıq. Təbii ki, mən tək deyiləm, bu işin arxasında başqa şəxslər və böyük maliyyə vəsaiti dayanır.

- Belə bir mərkəz açmaq hansı zərurətdən irəli gəldi?

-Bakıda 17 ildən çoxdur fəaliyyət göstərir və bölgələrdən də çox sayda pasiyent qəbul edirəm. Təəssüf ki, pasiyentlər əksər hallarda gecikmiş vəziyyətdə müraciət edirlər. Bu da məni və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasını ciddi narahat edirdi. Bu səbəbdən gecikmələrin qarşısını almaq və süd vəzi xərçəngindən ölüm sayını azaltmaq üçün belə bir mərkəz təsis etməyi düşündük.

-Bəs Süd Vəzi Diaqnostik Mərkəzini məhz niyə Lənkəranda açmağa qərar verdiniz?

-Bu illər ərzində ən çox respublikamızın cənub bölgəsindən pasiyent qəbul edirəm. Lənkəran elə bir şəhərdir ki, yaxın rayon və şəhərlərdən, həmçinin kəndlərdən də müraciət edə bilərlər. İnanıram ki, apardığım maarifləndirmə tədbirləri, göstərdiyimiz xidmətlərlə cənub bölgəsindəki qadınların da səsi ola biləcəyik.

-Mərkəzin fəaliyyəti nədən ibarətdir?

-Mərkəzdə süd vəzi xəstəliklərinin, süd vəzi xərçənginin erkən diaqnozu üçün qızıl standart sayılan mammoqrafiya (3D mammoqrafiya), yüksək həssaslığa və informativliyə malik, sırf süd vəzinin müayinəsi üçün proqramlaşdırılmış ultrasəs aparatı, tomosintez, doktoqrafiya, biopsiya, histaloji və patoloji müayinələrin cavablarının hazırlanması kimi bir sıra mühüm xidmətlər göstərilir.

-Doktoqrafiyanı ölkəmizdə yalnız siz edirsiniz?

 -Təvazökarlıqdan uzaq olsa da, bəli. Bu, süd vəzinin diaqnostikası üçün mühüm müayinələrdən biridir. Artıq cənub bölgəsində yaşayan xanımlar da bu yüksək xidmətdən faydalana biləcəklər.

- Kimlər Süd Vəzi Diaqnostik Mərkəzinə müraciət edə bilərlər?

-Mərkəzimizə yetkinlik yaşına çatmış, süd vəzində qızartı, şişkinlik, ağrı, bərkimə, qanlı ifrazat kimi şikayətləri olan hər kəs müraciət edə bilər. Onu da qeyd edim ki, bu mərkəz First Medical Center klinikasının nəzdində fəaliyyət göstərir. Klinika iki mərtəbədən ibarətdir və birinci mərtəbə tamamilə bizim mərkəzə ayrılıb. İkinci mərtəbədə isə digər ixtisas həkimləri üçün şərait yaratmışıq. Nəzərə alsaq ki, regionda həkim çatışmazlığı var və Bakıda edilən bir sıra müayinələr orada aparılmır, düşündük ki, digər tibb sahələri üçün də imkanlar yaradaq. Odur ki, yaxın günlərdə klinikada pediatr, endokrinoloq, uşaq kardioloqu, ginekoloq, onkoloq kimi digər ixtisas həkimləri də xəstə qəbulu həyata keçirəcək.

-Biz Bakıda güvənilən mammoloq-radioloq kimi sizə müraciət edirik. Günel Qəmbərova adı bu sahə üzrə brendləşib. Eyni keyfiyyəti bu mərkəzə gələn hər pasiyent görəcəkmi?

-Bu etimada görə təşəkkür edirəm! Əlbəttə, eyni keyfiyyət olacaq. Ən əsası da uzun yol qət edərək Bakıya gəlib burada saatlarla növbədə qalmayacaqlar.  

-Tibbi avadanlıqlar, təchizat da eynilə Bakıdakı kimidir?

-Tibbi avadanlıqların hamısı 2022-ci ilin istehsalıdır. Bu gün Bakıda 3D mammoqrafiya yalnız üç yerdədir, yəni paytaxtda hər klinikada yoxdur. Amma biz regiondakı mərkəzimizi bu avadanlıqla təchiz etmişik. Həmçinin sırf süd vəzi üçün proqramlaşdırılmış ultrasəs aparatı heç Bakıda da yoxdur.

-Özünüz də mərkəzdə pasiyent qəbul edəcəksinizmi?

-Bəli, hər həftə gedirəm.

-Mammoqrafiyanın müddəti nə qədər olur? Yaxın rayon və şəhərlərdən, eləcə də kəndlərdən gələnlər bir günə müayinə olunub qayıda bilərlərmi?

-Mammoqrafiya təxminən 15 dəqiqə çəkir. Müayinənin cavabının hazırlanaraq pasiyentə təqdim olunması ilə birgə 20-25 dəqiqə vaxt aparır. Yaxın rayon və kəndlərdən bir gün ərzində mərkəzə gələrək müayinədən keçib evlərinə qayıda bilərlər.

-Bu mərkəzə vaxtlı-vaxtında müraciət etmək qadınları nələrdən sığortalayacaq?

-Erkən diaqnoz həyat qurtarır. Sıfırıncı mərhələdə aşkar edilən xərçəng 90 faiz tamamilə sağalır. Hədəfimiz də məhz budur! Vaxtında aşkarlayaraq qadınları ölümdən xilas etmək!

-Deyə bilərikmi ki, cənub bölgəsindəki qadınların süd vəzi sağlamlığını bundan sonra Süd Vəzi Diaqnostik Mərkəzi öz öhdəsinə götürür?

-Əslində, böyük bir məsuliyyətdir! Bəli, tamamilə əminliklə deyə bilərəm ki, cənub bölgəsində yaşayan xanımlarımızın süd vəzi sağlamlığını mərkəzimiz və şəxsən mən, Dr. Günel Qəmbərova öz öhdəmə götürürəm.

-Mərkəz hansı ünvanda yerləşir?

-Lənkəran şəhərinin mərkəzində, Zərifə Əliyeva küçəsi, 20 ünvanında yerləşir.

-Öncədən yazılmaq üçün hansı nömrə ilə əlaqə saxlamaq lazımdır?

- 050-799-00-14 nömrəsinə zəng etməklə elə indidən qeydiyyatdan keçmək olar.

- Onlayn müraciət etmək də olarmı?

-Bəli. Sudvezixercengi.az saytına daxil olmaqla onlayn da müraciət edə bilərlər.

Qeyd: Əziz lənkəranlılar və cənub bölgəsində yaşayan digər vətəndaşlarımız, Süd Vəzi Diaqnostik Mərkəzi ilə 050-799-00-14 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər həftə tanınmış mammoloq-radioloq Dr. Günel Qəmbərova məhz bu mərkəzdə pasiyent qəbul edəcək. Maraqlananlar həkimlə 050-751-27-47 mobil nömrəsi vasitəsilə və “gunelqemberova” instaqram hesabı ilə də əlaqə saxlaya bilərlər. 

Ünvan: Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 20.