Lənkəranda ötən gündən etibarən yağan güclü yağış bir sıra problemlər yaradıb.
“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzi küçələrini su basıb.
Sakinlərin sözlərinə görə, yağış sularının küçələrdə yığılıb qalmasına səbəb kanalizasiya sisteminin bərbad vəziyyətdə olmasıdır. Vətəndaşlar küçələrdən artıq maşınla da keçməyin mümkünsüz hala çevrildiyini deyirlər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, intensiv yağışlarla əlaqədar Lənkəran şəhərində, rayonun Girdəni, Kosalar və Şiləvar kəndlərində bəzi ərazilər subasmaya məruz qalıb:
“Bununla əlaqədar dərhal Nazirliyin Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən hazırda su basmış yerləri tərk etməkdə çətinlik çəkən vətəndaşların təxliyəsi, suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Bu vaxtadək ümumilikdə 6-sı uşaq olmaqla 22 nəfər vətəndaş təxliyə olunub”.
***
Məsələ ilə bağlı Lənkəran rayon İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yağan intensiv leysan yağışları nəticəsində bəzi ərazilərdə subasma halları müşahidə edilib:
“Yağışlı hava fevralın 5-i axşam saatlarından fevralın 6-da da davam edib. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Lənkəran-Astara zonasında intensiv leysan yağışlar yağıb və yağıntının miqdarı Lənkəranda 133 mm-dək olub.
Kəskin hava şəraiti ilə bağlı Lənkəran rayonu ərazisindəki bir sıra çaylardan sel keçib, bir sıra fərdi yaşayış evlərini və təsərrüfat sahələrini sel basıb.
İntensiv yağan leysan yağışları nəticəsində suötürücü kollektor və kanalların həcmi və ötürücülük qabiliyyəti texniki baxımdan sel sularının ötürülməsinə imkan vermədiyi üçün rayonun bəzi ərazilərində qısa müddətli subasma halları müşahidə edilib.
Hava şəraitinin kəskinləşməsi ilə bağlı Lənkəran rayon Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Rayonun subasma halları müşahidə olunan ərazilərində aidiyyəti qurumlarla birgə işlər aparılır, Lənkəran Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin ağır texnikaları ərazilərə cəlb edilib, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin işçi qüvvəsi səfərbər olub, mərkəzin xilasediciləri tərəfindən bir neçə ailənin üzvü təxliyə edilib.
Bununla belə, subasma halları müşahidə olunan ərazilərdə gündəlik tələbat mallarının tədarükü tam şəkildə təmin edilib, rayon ərazisində qazın, işığın və elektrik enerjisinin verilişində heç bir problem yaranmayıb.
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov da subasma halları müşahidə olunan ərazilərə baş çəkib, işlərin gedişatı ilə maraqlanıb, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib. Hazırda rayonun bütün aidiyyəti idarələri koordinasiyalı şəkildə bu istiqamətdə fəaliyyətini davam etdirir”.