Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsinin sakinləri içməli su problemindən əziyyət çəkirlər.
“Qafqazinfo” “Baku TV”yə istinadla xəbər verir ki, əraziyə artıq 10 gündür ki, su verilmir.
Sakinlərdən biri uzun müddətdir eyni çətinliklə üzləşdiklərini bildirib:
“Artıq 3-4 ildir ki, yay mövsümündə yalnız gecələr su gəlir. Mən 4-cü mərtəbədə yaşayıram, su qablarını doldurmaq üçün gecə saatlarında oyanmalı oluruq. İndi isə artıq 10 gündür ki, ümumiyyətlə, su yoxdur. Evdə 1-ci qrup əlil xəstə var, onun gündəlik qulluğu üçün su lazımdır. Suyun dərdindən belə qalmışıq. Aidiyyəti qurumlara müraciət etsək də, problem həllini tapmır. “Qaynar xətt”i yığanda da deyirlər ki, bizdə su problemi var. Qışda problem olmasa da, yayda suyumuz kəsilir”.
Digər bir sakin isə susuzluq səbəbindən gündəlik məişət ehtiyaclarını belə ödəyə bilmədiklərini vurğulayıb:
“Şəkər xəstəsi, II qrup əliləm. İllərdir gecə saat 3-dən 6-dək damcı ilə gələn suyu yığmağa çalışıram. Evdə 3 yaşında körpə var, lakin təmiz su tapmadığımız üçün hətta yemək bişirməyə qab yoxdur. Susuzluğun əlindən şəhərə gedirik. Vəziyyətimiz acınacaqlıdır. Hara zəng vururuq, üzümüzə “odboy” verirlər”.
Problemin hər il təkrarlandığını qeyd edən başqa bir sakin isə müraciətlərinin nəticəsiz qaldığını söyləyib:
“Mən 5 ilə yaxındır burada yaşayıram və hər yay eyni problem təkrarlanır. Keçən yay bu məsələ ilə bağlı deputatlardan birinə zəng etdim, onun cavabı isə bu oldu ki, burada su işlərinə baxan adam həyasızdır, ona söz demək olmur. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə isə ümumiyyətlə, düşmək mümkün deyil”.
***
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Lökbatan qəsəbəsində yaşanan su problemi ilə bağlı rəsmi açıqlama verib.
Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 12-də Qaradağ rayonunu içməli su ilə təchiz edən magistral xətdə qəza baş verib.
Bildirilib ki, baş vermiş qəza qısa müddətdə aradan qaldırılıb:
“İşlərin icrası müddətində xətdə olan su boşaldığından, su yenidən vurularkən daşıyıcı magistralın dolması və təzyiqin tənzimlənməsi üçün müəyyən vaxt tələb olunur. Dünəndən Lökbatan qəsəbəsi su ilə qismən, bu gündən isə tam rejimdə təmin olunub. Müəyyən müddət su olmadığından tələbat arta bilir. Hazırda həmin ünvanlar 90 faiz su ilə təmin edilir”.
Qurumdan həmçinin əlavə olunub ki, haqqında danışılan ünvan da mütəmadi su təchizatı ilə təmin olunur. Magistral xəttə yaranan problem həmin ünvana da birbaşa təsir edib.
Son xəbərlər
Son Xəbərlər