“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşdü - Fotolar

maarifciler-mehkeme-huquq-surasinin-aparat-rehberi-ile-gorusdu
Oxunma sayı: 292

IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovla görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, nazirliyin məsul əməkdaşları, həmçinin proqramın əvvəlki illərdə uğur qazanmış məzunları və IV “Maarifçi” proqramının iştirakçıları iştirak ediblər.

K. Mansurov “Müasir məhkəmə sistemi və rəqəmsal gələcək” mövzusunda çıxış edib. Çıxış zamanı Məhkəmə-Hüquq Şurasının fəaliyyət istiqamətləri, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, məhkəmə mədəniyyətinin formalaşdırılması, eləcə də rəqəmsal idarəetmə və süni intellektin ədalət mühakiməsində gələcək rolu barədə məlumat verilib.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri vurğulayıb ki, müasir məhkəmə sisteminin inkişafı hüquqi bilik və peşəkarlıqla yanaşı, yüksək etik davranış standartlarının qorunması, ictimai etimadın təmin edilməsi və yeni texnologiyaların yaratdığı imkanlardan səmərəli istifadə ilə sıx bağlıdır. Rəqəmsal gələcəyin yalnız texnoloji yenilikləri deyil, eyni zamanda yeni düşüncə tərzini, müasir idarəetmə mədəniyyətini və dəyişikliklərə açıq insan kapitalını ehtiva etdiyi qeyd olunub.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramı Elm və Təhsil Nazirliyinin təşəbbüsü, Təhsilin İnkişafı Fondunun dəstəyi ilə 2024-cü ildən həyata keçirilir. İndiyədək proqramdan 102 gənc məzun olub. Hazırda 53 nəfər IV “Maarifçi” proqramı çərçivəsində Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeliyindəki qurumlarda, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçir.