“Bu qanun layihəsi dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi, korrupsiya risklərinin azaldılması, vəzifəli şəxslərin məsuliyyətinin artırılması və cəmiyyətin dövlət institutlarına etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev bildirib.
“Hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi zamanı əsas diqqətimiz yalnız hüquqi normaların müəyyən edilməsinə deyil, həm də onların praktikada nə dərəcədə səmərəli işləyəcəyinə yönəlməlidir. Çünki qanunvericiliyin əsas məqsədi baş vermiş pozuntulara sonradan reaksiya verməklə kifayətlənmək deyil, həmin pozuntuların yaranmasına səbəb olan halları əvvəlcədən aradan qaldırmaqdır.
Maraqların toqquşması dövlət vəzifəsini həyata keçirən şəxsin şəxsi maraqları ilə üzərinə götürdüyü xidməti vəzifələr arasında ziddiyyət yarandıqda və ya belə bir ziddiyyətin yaranması ehtimalı olduqda meydana çıxır. Bu, ilk növbədə, şəxsi maraqların ictimai mənafeyə üstün gəlməsinin qarşısını almaq məsələsidir. Təsəvvür edək ki, hər hansı vəzifəli şəxs dövlət satınalması, işə qəbul, vəzifəyə təyinat və ya maliyyə vəsaitlərinin bölüşdürülməsi ilə bağlı qərar qəbul edir.
Əgər həmin qərarda onun özünün, yaxın qohumlarının və ya əlaqəli olduğu şəxslərin marağı varsa, obyektivlik və qərəzsizlik məsələsi ortaya çıxır.
Belə hallarda əsas tələb şəxsin şəxsi maraqlarını gizlətməməsi, müvafiq qaydada açıqlaması və qərarların qanunvericiliyə uyğun, qərəzsiz qəbul edilməsinin təmin olunmasıdır. Burada vacib bir məqamı vurğulamaq istəyirəm: maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil. Maraqların toqquşması özlüyündə hər zaman cinayət demək deyil. Lakin onun düzgün idarə olunmaması korrupsiya üçün əlverişli şərait yarada bilər”, - deputat deyib.
“Məhz buna görə də belə halların vaxtında müəyyən edilməsi və qarşısının alınması dövlət idarəçiliyinin mühüm elementlərindən biri olmalıdır. Hesab edirəm ki, bu qanun layihəsinin hazırlanması və müzakirəsi zamanı beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, Azərbaycanın hüquq sisteminin xüsusiyyətləri və mövcud idarəetmə mexanizmləri də nəzərə alınmalıdır.
Yeni normalar mövcud qanunvericiliklə uzlaşdırılmalı, müxtəlif hüquqi aktlar arasında ziddiyyətlərə yol verilməməli və icra mexanizmləri əvvəlcədən aydın müəyyən edilməlidir. Qanunun qəbulundan sonra onun tətbiqi ilə bağlı maarifləndirmə işlərinin aparılması, dövlət qurumlarının əməkdaşları üçün təlimlərin təşkili və praktiki metodiki tövsiyələrin hazırlanması da mühüm əhəmiyyət daşıyır. Çünki qanunun uğurlu tətbiqi yalnız hüquqi normalardan deyil, həm də həmin normaların düzgün başa düşülməsindən və gündəlik fəaliyyətdə ardıcıl həyata keçirilməsindən asılıdır.
Qeyd etmək istəyirəm ki, dövlət vəzifəsi şəxsi maraqların təmin edilməsi vasitəsi deyil, cəmiyyətə xidmət məsuliyyətidir. Hər bir vəzifəli şəxs qərar qəbul edərkən şəxsi münasibətlərini və maraqlarını deyil, qanunu və ictimai mənafeyi əsas götürməlidir. Maraqların toqquşmasının qarşısının alınması haqqında qanunun əsas məqsədi də məhz bu prinsipi hüquqi və institusional mexanizmlərlə möhkəmləndirmək olmalıdır”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər