Dünən Azərbaycanın Ankaradakı səfirliyi qarşısında özlərini “haqq-ədalət müdafiəçisi” kimi qələmə verməyə çalışan bir qrup radikal tərəfindən etiraz aksiyası təşkil olunub. Guya Azərbaycandakı “məktəbli qızların hüquqlarını” müdafiə etmək bəhanəsi ilə səs-küy salan bu şəxslər, əslində regional sabitliyə və insan haqlarına təhdid yaradan radikal şəbəkənin nümayəndələridir. Araşdırmalar göstərir ki, aksiyanın arxasında dayanan qüvvə - “Hizb ut-Təhrir” təşkilatının Türkiyə qolu kimi fəaliyyət göstərən “Köklü değişim” hərəkatıdır.
Azərbaycana xitabən “hüquq və əxlaq” dərsi keçməyə çalışan bu qruplaşmanın real mahiyyətinə və ideologiyasına nəzər saldıqda isə dəhşətli bir riyakarlıq mənzərəsi ortaya çıxır.
Terror ittihamları və qadağalar: “Hizb ut-Təhrir” kimdir?
Fələstində yaradılan və şəriət hüququna əsaslanan qlobal bir dövlət (xilafət) qurmağı qarşısına məqsəd qoyan “Hizb ut-Təhrir” dünyanın bir çox ölkələrində fəaliyyəti qadağan olunmuş radikal bir qurumdur.
- Ekstremist ideologiya: Təşkilatın daxili nizamnaməsi islamdan dönənlərin, islamı tənqid edənlərin öldürülməsi və İsrail dövlətinin tamamilə məhv edilməsi kimi birbaşa zorakılıq çağırışları ilə zəngindir;
- Qlobal qadağalar: Terror aktları törətməkdə və ekstremist fəaliyyətlərə yardım etməkdə ittiham olunan bu təşkilat təkcə Qərbdə deyil, ərəb ölkələri və Orta Asiya da daxil olmaqla dünyanın əksər dövlətlərində qanundankənar elan edilib;
- Türkiyədəki statusu: Türkiyədə 1960-cı illərdən bəri üzvlərinin mütəmadi olaraq həbs edilməsinə baxmayaraq, müxtəlif adlar (məsələn, “Köklü değişim”) altında gizlənərək manipulyasiya fəaliyyətlərini davam etdirirlər.
Qadın zorakılığını “gözəl nemət” sayan ideologiya
Səfirlik qarşısında “məktəbli qızların hüquqları” üçün boğaz yırtan bu qruplaşmanın qadın tarixinə verdiyi “dəyər” beynəlxalq sənədlərdə və skandallarda açıq şəkildə qeyd olunub. Təşkilatın rəsmi qadın qolu “Hizb ut-Təhrir Avstraliya Qadınları” adlı radikal islamçı (“Women of Hizb ut-Tahrir”) tərəfindən edilən çıxışlarda, ailədə kişinin qadını nizam-intizama dəvət etmək üçün döymə hüququnun olduğu müdafiə edilib. Daha acınacaqlısı isə odur ki, onlar qadının fiziki zorakılığa məruz qalmasını ailə bütövlüyünü qoruyan “gözəl bir nemət” kimi xarakterizə ediblər.
“Hizb ut-Təhrir Avstraliya Qadınları” adlı radikal islamçı qruplaşmanın videosu böyük qalmaqala səbəb olmuşdu. Videoda təşkilatın üzvü olan iki hicablı qadın İslamın “qadınlara qarşı qərəzli olması” ideyasını məsxərəyə qoyur, lakin eyni zamanda şəriətin kişilərə tabe olmayan qadınları “yüngülcə - kiçik çubuqlarla döyməyə icazə verdiklərini” iddia edirlər. Bu zaman onlar hətta əllərindəki qələmlə qadını necə “yüngülcə” döymək mümkün olduğunu nümayiş də etdiriblər.
.png)
Qadınlardan biri deyir: “Kişiyə (ərinə) icazə verilir - bu, məcburiyyət deyil, təşviq edilmir, - sadəcə icazə verilir ki, onu (həyat yoldaşını) döysün. Hamı ancaq bundan danışır. Bu, ağrı verməməlidir. Qəddar olmamalıdır”.
Bu biabırçı video Avstraliyada hiddət doğurdu. Qadın məsələləri üzrə nazir Maykelia Keş və Avstraliya hökumətindəki ilk müsəlman, Leyboristlər Partiyasının nümayəndəsi Ed Husik videoda ifadə olunan fikirləri “iyrənc” və “cəmiyyət normalarından tamamilə uzaq” adlandırdılar. Məsələ o qədər böyüdü ki, 2017-ci ilin aprelində bu video təşkilatın rəsmi “Facebook” icmasının (“Women of Hizb ut-Tahrir Australia”) səhifəsindən silindi.
Göründüyü kimi, beynəlxalq mediada böyük qalmaqala səbəb olmuş bu təfəkkür bu gün maska geyinərək Azərbaycan dövlətinə qarşı “qadın haqları” bəhanəsi ilə şou göstərməyə çalışır.
.png)
Yeri gəlmişkən, bizə “ağıl verən” bu “qadın hüquqlarının müdafiəçiləri”nin qadına yanaşmasını dünənki aksiyadan da görmək olar - aksiyaya gəlmiş qadınlara kişilərlə yanaşı dayanmaq qadağan olunduğundan onlar kənarda dayanmışdılar.
Dünənki aksiyada əlində mikrofonla bağıran şəxsin – “Hizb ut-Təhrir”in Türkiyə qanadının baş ideoloqlarından olan Abdullah İmamoğlunun şəxsən özünün qadın hüququna və ümumilikdə qadınlara yanaşması da ayrı bir qalmaqaldır. O, beynəlxalq konvensiyalar və hüquqi sənədlərlə qorunan müasir qadın haqlarını tamamilə rədd edir və qadın hüquqlarının müdafiəsini və bu istiqamətdə qəbul edilən dünyəvi qanunları “Qərbin şər planlarının bir parçası” adlandırır. Onun təfəkkürünə görə, qadının cəmiyyətdə hüquqi olaraq kişilərlə bərabərləşdirilməsi cəhdləri qeyri-səmimidir və qəbul edilə bilməz. Qadının yalnız onun təqdim etdiyi radikal dini çərçivədə mövcud ola biləcəyini, bunun xaricindəki bütün seçimlərin “əxlaqsızlıq və kapitalizm tələsi” olduğunu iddia edir.
.png)
Qadının döyülməsini, cəmiyyətdən təcrid olunmasını və radikal qaydalara tabe edilməsini “nemət” sayan bir təfəkkürün, onların təhsil hüququnu belə qəbul etməyən qaragüruhun bu gün Azərbaycan qadınının və ya azyaşlı qızların təhsil və fərdiyyət hüququndan danışması sadəcə bəsit bir riyakarlıqdır.
Amma daha böyük fəlakət bu cür beyinsiz və mənəviyyatsız insanların bu günün Türkiyəsində söz və səlahiyyət sahiblərinə çevrilməsi, ölkənin onların düşüncə və dünyagörüşü (əgər buna dünyagörüşü demək mümkündürsə) ilə idarə olunmasıdır. Türkiyəni faktiki olaraq teokratik dövlətə çevirənlər bununla ölkəni uçuruma apardıqlarının fərqində deyillər. Üstəlik, digər ölkələri və xalqları da eyni uçuruma doğru itələmək üçün əllərindən gələni edirlər.
Azərbaycan xalqı və dövləti bu növ radikal manipulyasiyalara qarşı hər zaman ayıq-sayıq olub və din pərdəsi altında gizlənən bu qaranlıq ambisiyalara heç bir zaman keçid verməyəcək.
Aslan Vəliyev