Məğlubiyyətdən sonra mətbuat konfransında istefa verdi - Video

meglubiyyetden-sonra-metbuat-konfransinda-istefa-verdi
Oxunma sayı: 483

2026-cı il Dünya Çempionatının 1/8 finalında İspaniyaya 1:0 hesabı ilə məğlub olaraq turnirlə vidalaşan Portuqaliya millisində baş məşqçi Roberto Martines istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, İspaniyanın qələbə qolunu 90-cı dəqiqədə Mikel Merino vurub.

Bu nəticə ilə İspaniya 1/4 finala yüksəlib, Portuqaliya isə mundialla erkən vidalaşıb.

Matçdan sonra keçirilən mətbuat konfransında Roberto Martines milli komanda ilə yolunu ayırdığını rəsmən elan edib.

“Bu gün İspaniyanı tamamilə neytrallaşdırdıq. Portuqaliya xalqı bu komanda ilə fəxr etməlidir. Bu, milli komanda ilə son oyunum idi. Bu gündən etibarən istefa verirəm. Dövrün sonudur. Yeni bir səsə, yeni bir liderə ehtiyac var”, – deyə Martines bildirib.

İspaniyalı mütəxəssis qərarının əvvəlcədən planlaşdırılmadığını vurğulayıb.

“Əvvəllər turnirdən sonra ayrılacağım barədə qərar verilməmişdi. Mən buraya Dünya kubokunu qazanmaq məqsədilə gəlmişdim. Bunu bacarmadığım üçün davam etməyin məntiqsiz olduğuna qərar verdim”, – deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü ildə Portuqaliya millisinin baş məşqçisi təyin olunan Roberto Martines komandaya 3 il yarım rəhbərlik edib. Onun rəhbərliyi altında Portuqaliya 45 oyun keçirib, 32 qələbə qazanıb, 6 heç-heçə edib və 7 dəfə məğlub olub.