Məhkəmə Ramiz Taxveli ilə bağlı qərar verdi

mehkeme-ramiz-taxveli-ile-bagli-qerar-verdi
Oxunma sayı: 4369

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən “Buta Palace”ın art direktoru Ramiz Taxveli ilə bağlı məhkəmə qərar verib.

R.Taxvelinin anası Gülarə Məmmədova “Qafqazinfo”ya bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxov qərarında R.Taxvelinin hazırda anlaqsız olmasına görə cinayət işinin icraatının dayandırılmasına qərar verib: “Ramiz müalicə üçün Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib. O, müalicə olunub sağaldıqdan sonra məhkəmə prosesi davam etdiriləcək. Lakin hazırda prokurorluğun apelyasiya şikayəti vermək müddətinin başa çatması gözlənilir. İttiham tərəfi qərardan şikayət verməzsə, bir həftə sonra Ramiz xəstəxanaya köçürüləcək".

Hadisə 2018-ci il dekabrın 10-da gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən hündürmərtəbəli binada baş verib. Orada yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. İlkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb. Məlum olub ki, A.Taxvelinin mübahisə zəminində əri Ramiz Taxveli balkondan aşağı atıb.

Mərhum Adelya Taxveli Gənclər və İdman naziri Azad Rəhimovun yaxın qohumu olub. 30 yaşında vəfat edən Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının nəvəsidir.

Murad Əhməd