“Məhsul” stadionunu satmaq istəyənlərə ağır cəza istənildi

mehsul-stadionunu-satmaq-isteyenlere-agir-ceza-istenildi
Oxunma sayı: 2906

“Məhsul” stadionunun keçmiş direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror A.Həsənov və N.Əliyevin hər birinin ayrı-ayrılıqda xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinmələrini, cəzalarını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkmələri şərti ilə 11 il 6 ay azadlıqdan məhrum edilmələrini tələb edib.

Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs ediliblər. 

İttihama görə, Nadir Əliyev və Alik Həsənov “Məhsul” stadionunun ərazisini sata biləcəkləri vədini verərək sahibkarlarla 5 milyon 500 min manata razılaşıblar. Satış tam başa çatmasa da, təqsirləndirilən şəxslər sahibkarlardan beh adı ilə 900 min manat alıblar.

N.Əliyev və A.Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sail Ağasəlim