Mənzildən müəllimlə məktəbli oğlunun meyitləri tapıldı - Foto - Yenilənib

menzilden-muellimle-mektebli-oglunun-meyitleri-tapildi
Oxunma sayı: 7532

Bakı şəhər Nəsimi rayonu 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 20 Yanvar küçəsi 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyiti tapılıb.

İlkin məlumata görə, ata-oğul mənzilə qazsızması nəticəsində boğularaq vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, K.Abıyev Nəsimi rayon 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub.

***

Hadisə ilə bağlı bəzi məqamlar üzə çıxıb.

İlkin araşdırma zamanı məlum olub ki, faciəvi hadisəyə mənzilin hamam otağında quraşdırılmış su qızdırıcısı səbəb olub.

Belə ki, qızdırıcıdan ayrılan qaz mənzilin otaqlarına dolub. Bu zaman 13 yaşlı Kamran və atası 53 yaşlı Əbülfəz zəhərlənərək ölüb. Kamranın qardaşı 21 yaşlı Nurlan isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:40 radələrində Nəsimi rayonu, 20 yanvar ərazisindən dəm qazından zəhərlənmə səbəbi ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. 

Hadisə yerindən bir nəfər, 2005-ci il təvəllüdlü şəxs (kişi) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. 

Ona dəm qazının toksiki təsiri diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, hadisə yerində 2 nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.

***

Dünən saat 17 radələrində Nəsimi rayonu 4-cü mikrorayon 20 Yanvar küçəsində yaşadığı evdə oğlu 13 yaşlı Kamran Abıyevlə birgə qazdan zəhərlənərək ölən Əbülfəz Abıyev Avropa Azərbaycan Məktəbinin müəllimi imiş.

Məktəbin sosial şəbəkə hesablarında onun vəfatı ilə bağlı başsağlığı mesajı paylaşılıb.

Aslan Vəliyev