Mərcdən 207 milyon qazandığı ortaya çıxdı

mercden-207-milyon-qazandigi-ortaya-cixdi
Oxunma sayı: 1036

Türkiyədə mərc oyunları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan “Qalatasaray”ın futbolçusu Metehan Baltacı və “Fənərbaxça”nın oyunçusu Mert Hakan Yandaşın prokurorluğa verdikləri ifadələr üzə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hər iki futbolçunun onlara qarşı irəli sürülən ittihamları qəbul etmədiyi bildirilib.

Məlumata görə, M. Baltacının “Qalatasaray” və “Eyüpspor”da çıxış etdiyi dövrdə 5 lirədən 1800 lirəyə qədər dəyişən məbləğlərdə cəmi 36 kupon hazırladığı müəyyən edilib. Bunlardan 5-də, cəmi 920 lirə qazanc əldə etdiyi qeyd olunur.

MASAK-ın (Maliyyə Cinayətlərinin Araşdırılması Şurası) hazırladığı hesabatda isə Mert Hakan Yandaşın hesablarında diqqətçəkən hərəkətliliyin olduğu iddia edilib. Hesabatda 974 əməliyyatla 204 milyon lirə (8 milyondan AZN-dən çox) giriş, 3747 əməliyyatla 207 milyon lirə (təxminən 8 milyon 200 min AZN) çıxış, 28 qeyri-qanuni mərc bağlantısı və beşillik müddətdə “Bilyoner”də yüzlərlə əməliyyat, habelə 1006 fərqli mərc kuponu kimi iddialar yer alıb.

Hesabatda Ersen Dikmenin Yandaşdan aldığı pulları qısa müddətdə qanuni mərc platformalarına köçürdüyü, kuponlarda isə əsasən, “Fənərbaxça”nın oyunlarının və “İsmayıl Yüksek ən az 3 dəfə qaydanı pozar” kimi oyunçuya aid xüsusi proqnozların yer aldığı irəli sürülüb.

Yandaş prokurorluq ifadəsində haqqındakı iddiaları qətiyyətlə təkzib edib. Heç bir qanuni və ya qeyri-qanuni mərc platformasında qeydiyyatının olmadığını bildirən futbolçu oyunlar barədə ona istiqamət verən və ya tələb edən heç kim olmadığını söyləyib.

“Məndən borc istədi, mən də borc olaraq göndərdim. Mərc oynadığını bilirdim, amma rəqəmlərin bu qədər yüksək olduğunu bilmirdim”, – deyə o, Ersen Dikmenə pul köçürmələri ilə bağlı ifadəsində söyləyib.