Mərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirildi - Fotolar

merkezi-nebatat-baginda-genc-ressamlarin-sergisi-kecirildi
Oxunma sayı: 370

Son illər ölkə başısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühitin qorunması, problemlərin həlli istiqamətində paytaxtda genişmiqyaslı tədbirlər görülür.

“Qafqazinfo” xəbər verir ki, bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinləri və qonaqların sevimli gəzinti və istirahət məkanına çevrilib.

Burada təşkil edilən kütləvi tədbir və ekskursiyalar parkı insanlar üçün daha cəlbedici edir.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin humanitar şöbəsi, Azərbaycan Rəssamlıq Akademiyası və Mərkəzi Nəbatat Bağınin birgə təşkil etdiyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda sərgi-müsabiqə Ulu Öndərin  əziz xatirəsinə həsr edilib.

Tədbirin əvvəlində Azərbaycan Dövlət Filarmoniyasının orkestrinin ifasında konsert proqramı təqdim edilib. 

Rəssamlıq Akademiyasının müəllim və tələbələri, gənc rəssamlar,  ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgidə Akademiyanın 25  tələbəsinin rəsm, heykəltəraşlıq və xalçaçılıq işləri nümayiş etdirilib. 

Tədbir iştirakçıları qarşısında çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov, Mərkəzi Nəbatat Bağının direktoru Əli Cəfərov, Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Akademiyanın tələbəsi Aygün Xanalıyeva  sərgi-müsabiqənin əhəmiyyəti, onun gənc rəssamlar arasında maraqla qarşılanması, yeniyetmə və gənclərdə incəsənətin müxtəlif növlərinə olan marağın artmasında böyük rol oynadığını bildiriblər.

Sərgidə nümayiş etdirilən rəsm, heykəltəraşlıq və xalçaçılıq əsərləri Azərbaycan Rəssamlıq Akademiyasının münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yerin qalibləri müəyyənləşdirilib. Cahan Musayeva birinci yerə, Aydan Qurbanova ikinci yerə və  Nərmin Nadirova üçüncü yerə layiq görülüblər.

Sərginin  qaliblərinə pul mükafatları və sertifikatlar, digər iştirakçılara  həvəsləndirici hədiyyələr təqdim edilib.