Məşhur aktyor Tom Hardi prodüserlə yaşadığı ciddi münaqişə səbəbindən rejissor Qay Riçinin “MobLand” kriminal dram serialının üçüncü mövsümündə rol almayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nüfuzlu “Variety” nəşri məlumat yayıb.
Bir qədər əvvəl “Puck” nəşri də Hardinin layihəni tərk etdiyini yazmışdı. Bildirilir ki, ayrılığa səbəb aktyorun icraçı prodüser Cez Batteruort ilə yaşadığı gərginlik olub. Hətta prodüser aktyorun çəkilişlərdə qalacağı təqdirdə özünün layihədən gedəcəyi ilə bağlı rəhbərliyə xəbərdarlıq edib.
Bundan əlavə, Tom Hardinin çəkilişlərə tez-tez gecikdiyi, ssenaridəki replikalarını rəsmi razılıq almadan özbaşına dəyişdiyi və serialın süjet xəttinin getdikcə daha çox Helen Mirren ilə Pirs Brosnanın canlandırdığı personajların üzərində qurulmasından narazı qaldığı qeyd olunub.
Qeyd edək ki, sözügedən ekran işi “Konrad” (Pirs Brosnan) və onun həyat yoldaşı “Meyv”in (Helen Mirren) rəhbərlik etdiyi cinayətkar “Harrigan” ailəsindən bəhs edir. Hardi isə serialda bu ailə üçün problemləri yoluna qoyan peşəkar “həlledici” obrazını canlandırırdı.
Xatırladaq ki, bu, Hardinin çəkiliş meydançasında yaşadığı ilk qalmaqal deyil. O, daha əvvəl “Mad Max: Fury Road” filminin çəkilişləri zamanı aktrisa Şarliz Teronla da dalaşmışdı.
Son xəbərlər
Son Xəbərlər