Məşhur futbolçunun evi qarət edildi - Özü “Qalatasaray”la matçda idi

meshur-futbolcunun-evi-qaret-edildi
Oxunma sayı: 320

“Mançester Siti”nin ulduz müdafiəçisi Ruben Diaş və sevgilisi, tanınmış aparıcı Maya Cama oğurluq hadisəsi ilə üzləşiblər.

“Qafqazinfo” “The Telegraph”a istinadən xəbər verir ki, hadisə yanvarın 28-də, “şəhərlilər”in Çempionlar Liqası çərçivəsində “Qalatasaray”la qarşılaşdığı (2:0) vaxt baş verib.

Bildirilib ki, cinayətkarlar cütlüyün Çeşirdə yerləşən 4 milyon funt-sterlinqlik malikanəsinə daxil olaraq oranı qarət ediblər.

Məlumata görə, oğurluq zamanı evdə heç kim olmayıb. Maya Cama “Love Island” verilişinin çəkilişləri ilə əlaqədar Cənubi Afrikada, zədəli olan Ruben Diaş isə “Etihad” stadionunda komandasına dəstək verməkdə imiş. Futbolçu saat 23:00 radələrində evə qayıtdıqda mənzilin darmadağın edildiyini görüb və polisə məlumat verib. Oğruların evdən çox sayda zərgərlik məmulatları, bahalı geyimlər və elektronika əşyaları apardıqları bildirilir.

“Mançester Siti”nin məşqçisi Pepin Leynders hadisəni təsdiqləyərək klubun futbolçuya hər cür dəstək verəcəyini vurğulayıb:

“Bu, heç kimin yaşamaq istəmədiyi bir vəziyyətdir. Biz Rubenlə birlikdəyik”.

Qeyd edək ki, Çeşir polisi faktla bağlı araşdırmalara başlayıb.