Lüks texnologiya məhsulları ilə tanınan “Caviar” şirkəti yeni “Legends” kolleksiyasını təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, 2026-cı il futbol üzrə dünya çempionatının sonuna təsadüf edən seriyada futbol əfsanələri Lionel Messi və Kriştianu Ronaldoya həsr olunmuş, 24 karat qızıl örtüklü xüsusi smartfonlar yer alıb.
Kolleksiyaya “Samsung”un yeni nəsil qatlana bilən modeli “Galaxy Z Fold 8 Ultra” və “Apple”ın flaqman modeli “iPhone 17 Pro” əsasında hazırlanmış cihazlar daxildir. Şirkət standart korpusları qızıl, emal və xüsusi dizayn elementləri ilə əvəz edib.
Messiyə həsr olunan model satışa hələ çıxmamış “Samsung Galaxy Z Fold 8 Ultra” bazasında hazırlanıb. Telefonun arxa panelində argentinalı futbolçunun portreti, onun məşhur “10” nömrəsi və Argentina millisinin simvolları əks olunub. Dizaynda Argentina bayrağının ağ və açıq mavi rəngləri xüsusi emal texnikası ilə işlənib, çərçivə və naxışlar isə 24 karat qızılla örtülüb.
256 GB yaddaşa malik bu modelin başlanğıc qiyməti 13 130 dollar təşkil edir.
Kriştianu Ronaldoya həsr edilən versiya isə “iPhone 17 Pro” və “iPhone 17 Pro Max” modelləri əsasında hazırlanıb. Smartfonun dizaynında Portuqaliya millisinin qırmızı və yaşıl rənglərindən istifadə olunub. Arxa paneldə Ronaldonun portreti, “7” nömrəsi və Portuqaliya gerbi yer alır.
Bu model də 24 karat qızıl örtüklə tamamlanıb və 256 GB-lıq əsas versiyasının qiyməti 11 410 dollardan başlayır.
“Caviar” hər iki dizayndan cəmi 19 ədəd istehsal edəcəyini açıqlayıb. Telefonlar qızıl örtüklü açar və xüsusi xatirə sikkəsi ilə birlikdə eksklüziv qutularda təqdim olunacaq.
Şirkət sentyabr ayında keçiriləcək “Apple” təqdimatından sonra norveçli hücumçu Erlinq Haalandın şərəfinə hazırlanmış xüsusi “iPhone Ultra” modelini də təqdim etməyi planlaşdırır.








Son xəbərlər
Son Xəbərlər