Bakı Metropolitenində həyata keçiriləcək layihələrdən sonra qatarların hərəkət intervalının 2 dəqiqəyədək azaldılması planlaşdırılır.
“Qafqazinfo” xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qırmızı xətt üzrə hərəkət qaydasında dəyişiklik olmayacaq:
“Bakı Metropoliteninin iş rejimi qırmızı xətt üzrə dəyişməz olaraq qalacaq. Yəni qatarlarımız “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına qədər bu gün olduğu kimi adi qaydada hərəkətini davam etdirəcək. “28 May” stansiyası da bugünkü iş rejimində çalışacaq, funksional fəaliyyəti tam olaraq təmin olunacaq”.
Bəxtiyar Məmmədov qeyd edib ki, layihənin icrası dövründə “28 May”dan “Nizami”, başqa sözlə, “Dərnəgül” istiqamətinə qatarların hərəkəti müvəqqəti dayandırılacaq. Bu müddətdə qatarlar yalnız “Dərnəgül”–“Nizami” marşrutu üzrə hərəkət edəcək.
Onun sözlərinə görə, tikinti işləri başa çatdıqdan sonra isə yaşıl xətt üzrə qatarlar “Dərnəgül”–“Nizami”–“Cəfər Cabbarlı”–“Xətai” marşrutu ilə hərəkət edəcək.
Mətbuat katibi bildirib ki, layihə sərnişin axınının daha rahat tənzimlənməsinə imkan verəcək:
“Xətlər ayrıldıqdan sonra sərnişinlərimiz yaşıl xətt üzrə hərəkət edərkən “Cəfər Cabbarlı” və “28 May” stansiyaları istiqamətində keçid edə biləcəklər. Digər istiqamətdən qırmızı xətt üzrə hərəkət edən sərnişinlərimiz isə “28 May”–“Cəfər Cabbarlı” istiqamətində piyada keçidlərindən istifadə edə biləcəklər. Bu məqsədlə daha bir piyada keçidi inşa olunur.”
B. Məmmədov vurğulayıb ki, layihənin əsas məqsədlərindən biri metroda sıxlığı azaltmaqdır. Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında, eləcə də gələcəkdə “Xətai” stansiyasından sonrakı hissədə döngə kameraları inşa olunur.
O əlavə edib ki, görüləcək işlərdən sonra qatarların hərəkət intervalı əhəmiyyətli dərəcədə azalacaq:
“Bu gün Bakı Metropoliteni sərnişinlərinə hər iki xətt üzrə 3 dəqiqə 30 saniyədən aşağı interval təqdim edə bilmirsə, bu layihələr icra olunduqdan sonra hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq. Bir sıra istiqamətlərdə isə Bakı Metropoliteninin ehtiyat qatarları nəzərdə tutulacaq və həmin istiqamətlərdə sərnişin axınının tənzimlənməsi ən ideal şəkildə həyata keçiriləcək”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər