Millət vəkili Tərtərdə YAP-ın müşavirəsində - Fotolar

millet-vekili-terterde-yap-in-musaviresinde
Oxunma sayı: 348

Tərtər rayonunda Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn məsələlərə həsr olunmuş müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə Milli Məclisin deputatı Anar Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və yerli partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları öncə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Müşavirəni giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov VIII Qurultayın ölkənin siyasi həyatındakı müstəsna rolundan bəhs edib. O bildirib ki, bu mötəbər tədbir partiyanın gələcək fəaliyyət xəttini müəyyənləşdirməklə yanaşı, ölkəmizin ictimai-siyasi inkişafında yeni bir mərhələnin əsasını qoyub.

Daha sonra Milli Məclisin deputatı Anar Məmmədov Prezident İlham Əliyevin qurultaydakı nitqi ilə bağlı geniş məruzə ilə çıxış edib. Deputat dövlət başçısının vurğuladığı mühüm tezisləri diqqətə çatdıraraq qeyd edib ki, zəfər qazanmış və suverenliyini tam bərpa etmiş müasir Azərbaycanda ideoloji işin dövrün çağırışlarına uyğun qurulması əsas prioritetdir. Şablon yanaşmalardan uzaqlaşmaq, müasir ideoloji mühit formalaşdırmaq və milli həmrəyliyi daha da möhkəmləndirmək hər bir partiya üzvünün, xüsusilə yerli təşkilatların üzərinə düşən mühüm vəzifədir.

Məruzə ətrafında çıxış edən partiya fəalları dövlət başçısının müəyyən etdiyi strateji kursu yekdilliklə dəstəklədiklərini bildiriblər. Qeyd olunub ki, rayonda ideoloji prinsiplərin uğurla tətbiq edilməsi və dövlətçilik dəyərlərinin təbliği istiqamətində bütün imkanlar səfərbər olunacaq.