Qlobal transformasiyaların dərinləşdiyi və insan kapitalı uğrunda rəqabətin gücləndiyi müasir şəraitdə kadrların keyfiyyəti və idarəetmənin səmərəliliyi dövlətlərin dayanıqlı inkişafını müəyyən edən əsas amillərə çevrilir. Azərbaycan Prezidenti İlham Əliyev vurğulayır ki, ölkənin strateji gələcəyi insan potensialının inkişafı və təbii resurslara əsaslanan modeldən biliklər iqtisadiyyatına keçidlə birbaşa bağlıdır.
“Qafqazinfo” xəbər verir ki, bu strateji xətt Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti ilə ardıcıl şəkildə tamamlanır.
O, uzun illərdir, təhsilin inkişafına, gənclərin dəstəklənməsinə və intellektual elitanın formalaşdırılmasına xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə həyata keçirilən humanitar və təhsil təşəbbüsləri insan kapitalına və cəmiyyətin sosial dayanıqlığına uzunmüddətli investisiyalar kimi dəyərləndirilir.
Məhz bu kontekstdə “Yüksəliş” müsabiqəsi bu gün kadr layihəsindən əlavə, Azərbaycanın dövlət siyasətinə üzvi şəkildə inteqrasiya olunmuş, idarəetmə kadrlarının inkişafı üzrə milli model və standart kimi qəbul olunur.
Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir ki, “Yüksəliş” müsabiqəsi Prezidenti İlham Əliyevin güclü insan kapitalının və peşəkar idarəetmə elitasının formalaşdırılması ilə bağlı baxışına tam uyğun şəkildə həyata keçirilir: “Bizim əsas məqsədimiz qalibləri müəyyənləşdirməklə yanaşı, dövlət prioritetlərini effektiv şəkildə reallaşdıra bilən və ölkənin uzunmüddətli inkişafına töhfə verən kadrların formalaşması üçün dayanıqlı ekosistem yaratmaqdır”.
İnsan kapitalı strateji prioritet kimi
Azərbaycanda insan kapitalına investisiyalar təhsil, idarəetmə kadrlarının hazırlanması və yeni liderlik mədəniyyətinin formalaşdırılmasını əhatə edən kompleks və sistemli xarakter daşıyır. Bu yanaşma əsas resurs kimi insanın, onun biliklərinin, idarəetmə təfəkkürünün və məsuliyyətli qərarlar qəbul etmək bacarığının önə çəkildiyi uzunmüddətli inkişafın şüurlu seçimidir.
Bu baxımdan “Yüksəliş” müsabiqəsi perspektivli idarəçilərin aşkar edilməsi, inkişafı və davamlı şəkildə müşayiət olunmasına yönəlmiş dövlət strategiyasının praktik alətlərindən biri kimi çıxış edir.
Müsabiqədən dayanıqlı instituta doğru
2019-cu ildə təsis olunduğu gündən “Yüksəliş” müsabiqəsi müasir kadr siyasətinin meritokratiya, şəffaflıq və bərabər imkanlar prinsipləri əsasında qurula bildiyini sübut etmişdir. Müsabiqədə iştirak Azərbaycan vətəndaşları üçün sosial mənşəyindən, yaşadığı regiondan və peşə sahəsindən asılı olmayaraq açıqdır.
Çoxmərhələli seçim sistemi, yəni onlayn testlər, praktiki tapşırıqlar, komanda layihələri və final təqdimatları yalnız bilik səviyyəsini deyil, həm də idarəetmə düşüncəsini, liderlik potensialını və qeyri-müəyyənlik şəraitində fəaliyyət göstərmək bacarığını qiymətləndirməyə imkan verir.
Yeni nəsil kadr ehtiyatının formalaşdırılması
“Yüksəliş”in prinsipial fərqi ondan ibarətdir ki, müsabiqə qaliblərin elan olunması ilə yekunlaşmır. Onun iştirakçıları mentorluq proqramlarını, təlimləri, real layihələrdə iştirakı və peşəkar əlaqələrin qurulmasını əhatə edən uzunmüddətli inkişaf ekosisteminə daxil edilirlər.
Kadr ehtiyatının və kadr bankının yaradılması dövlət və özəl qurumlara hazırlıqlı və motivasiyalı mütəxəssislərə çıxış imkanı verir, iştirakçılara isə strateji əhəmiyyətli sahələrdə öz potensiallarını reallaşdırmaq fürsəti yaradır.
Kadr inkişafının milli standartı
Bu gün “Yüksəliş” getdikcə yalnız cari ehtiyaclara deyil, ölkənin gələcək inkişafına yönəlmiş idarəetmə kadrlarının hazırlanması üzrə milli standart kimi dəyərləndirilir. Müsabiqə strateji düşünə bilən, qlobal çağırışlara uyğunlaşan və dövlətin inkişafına görə məsuliyyəti üzərinə götürən yeni idarəetmə elitasını formalaşdırır.
Beləliklə, “Yüksəliş” müsabiqəsi insan kapitalına investisiya üzrə dövlət strategiyası ilə onun praktik icrası arasında əlaqələndirici vasitəyə çevrilərək Azərbaycanın dayanıqlı inkişafının məhz insana qoyulan investisiyalardan başladığını təsdiqləyir.


