“Analizlər göstərir ki, mina hadisələrinin təxminən 60%-i təmas xəttindən içəridə baş verib”.
“Qafqazinfo”nun məlumatına görə, bunu Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Sükut içində addımlar” filminin təqdimat mərasimindəki çıxışda deyib.
Onun sözlərinə görə, bu da o deməkdir ki, azad olunan ərazilərimiz nizamsız şəkildə minalanmışdır:
“Sözsüz ki, bu problemin ağır fəsadları var. 2020-ci ilin noyabrından bu günə qədər 444 nəfər mina qurbanı olub və təəssüflər olsun ki, onlardan 73 nəfəri həyatını itirib”.
V. Süleymanov əlavə edib ki, işğaldan azad olunmuş ərazilərin 11 667 kvadrat kilometri şübhəli təhlükəli ərazilər kateqoriyasına aiddir:
“2020-ci ilin noyabrından bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 270 mindən çox hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. Sözsüz ki, bu prosesin əsas aparıcı qüvvəsi fədakar mina axtaranlarımızdır. Sevindirici haldır ki, onların arasında bu çətin və məsuliyyətli işi yerinə yetirən qadınlar da var”.
Lamiyə Məmmədova
Son xəbərlər
Son Xəbərlər