Moskvadan İrəvana 400 milyon dollarlıq xəbərdarlıq - “Müqavilə ləğv olunsa...”

moskvadan-irevana-400-milyon-dollarliq-xeberdarliq
Oxunma sayı: 564

“Ermənistan konsessiya müqaviləsini ləğv edəcəyi təqdirdə, “Rusiya Dəmir Yolları” (RJD) Açıq Səhmdar Cəmiyyəti yatırılmış təxminən 400 milyon ABŞ dolları həcmində investisiyanın geri qaytarılmasını tələb edəcək”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə RJD-nin baş direktoru Oleq Belozyorov deyib.

O. Belozyorov vurğulayıb ki, Rusiya tərəfi 2008-ci ildə öz üzərinə götürdüyü öhdəliklərə ardıcıl şəkildə əməl edir:

“İstənilən halda, tərəflərin bütün hüquq və vəzifələri Ermənistan hökumətinin də tərəfdaş olduğu konsessiya müqaviləsində təsbit edilib. Biz öz tərəfimizdən müqaviləyə ciddi şəkildə riayət etmək niyyətindəyik. Əgər Ermənistan tərəfi müqaviləyə xitam verilməsi və ya şərtlərinin dəyişdirilməsi imkanlarını nəzərdən keçirirsə, biz yatırılan investisiyaların geri qaytarılmasını tələb etmək hüququna malikik.

Konsessiya sayəsində dövlət büdcəsindən heç bir vəsait xərclənmədən Ermənistanda müasir nəqliyyat şəbəkəsi formalaşdırılıb. Səhmdarlara divident ödənilməyib, əldə olunan bütün mənfəət yalnız infrastrukturun inkişafına yönəldilib. 2008-ci ildən 2025-ci ilədək yatırılan ümumi investisiyaların həcmi təxminən 396,3 milyon dollar təşkil edib”. 

Qeyd edək ki, şirkət Ermənistan mətbuatında icarə haqqının tutulması ehtimalı ilə bağlı yayılan xəbərləri təəccüblə qarşıladığını bildirib. RJD ölkənin ən böyük işəgötürənlərindən biri olduğunu, 2500 əməkdaşın əməkhaqqını müntəzəm artırdığını və qatarları yenilədiyini xatırladıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan RJD-nin törəmə müəssisəsi ətrafında məhkəmə çəkişməsinin istisna edilmədiyini bildirmişdi. Aprel ayında isə o, Rusiya konsessiyasının idarəetmə hüququnun Qazaxıstan, BƏƏ və ya Qətər kimi dost ölkələrə satılması məsələsini müzakirəyə çıxarmışdı.