Müəllimlərin maaşları ilə bağlı təklifə - Nazir müavinindən reaksiya

muellimlerin-maaslari-ile-bagli-teklife
Oxunma sayı: 2043

“Əmək Məcəlləsinin 67-2 maddəsinə təklif edilən dəyişikliklərə əsasən, bütövlükdə incəsənət məktəblərində çalışan təhsilverilənlər də sertifikatlaşdırma imtahanlarına cəlb olunacaqlar. Həmin maddəyə əsasən, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür və eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. Bununla belə, təklif edərdim ki, həmin maddə üzrə sertifikatlaşdırmaya cəlb edilməyən vətəndaşlarımızın siyahısına baxılıb genişləndirilsin”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

Millət vəkili qeyd edib ki, müzakirə edilən layihə üzrə incəsənət sektorunda beynəlxalq müsabiqə qaliblərinin sertifikatlaşdırmadan azad olunması məqsədəuyğun olardı: “Eyni zamanda, Məcəllənin 67-i maddəsində 3 dəfə deyil, ən azı 2 dəfə sertifikatlaşdırmadan keçmiş şəxslərin sertifikatlaşdırmaya cəlb edilməməsini təklif edərdim. Razılaşaq ki, 2 dəfə sertifikatlaşdırmadan uğurla keçmək təhsil müəssisəsində keyfiyyətli təhsil vermək üçün kifayət edir. Həmin şəxslərin yenidən 3-cü dəfə sertifikatlaşdırmaya cəlb edilməsinə xüsusi ehtiyac qalmır.

Digər tərəfdən, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır. Daha çox təhsilverənin sertifikatlaşdırmaya cəlb ediləcəyini nəzərə alaraq, bu qaydaların da dəyişdirilməsi məqsədəuyğundur. İmtahanlarda 51 baldan deyil, 80 faizindən daha çoxunu toplayanların maaşlarının sonuncu pillə, yəni 35 faiz artırılması uyğun olardı. Bu halda 48 və daha çox bal toplayan müəllimlərdə maaş artımları 35 faiz olar ki, bu da sözügedən sektoru əməyin daha yaxından qiymətləndilməsinə imkan verə bilər. Hazırda 48-51 bal toplayan müəllimlərdə əməkhaqqı artımı 35 deyil, 10 faizdir. Mövcud qaydalarla 83 faiz, yəni 50 bal toplayan müəllimin maaşı 10 faiz, cəmi 1 bal çox toplayandan isə 35 faiz artım olur. Beynəlxalq qiymətləndirmə standardlarına uyğun olaraq, 80 faizdən daha çox nəticədə göstərənlərin maaşların 10 deyil, 35 faiz artırılması məqsədəuyğundur”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova deputatın təklifinə münasibət bildirib: “Dediyiniz meyarlar artıq işə qəbul qaydalarında nəzərdə tutulub. Sadəcə olaraq, bu istisnaların yenidən qanunvericiliyə daxil edilməsi üçün müəyyən prosedurlar var. Bu, dövlət orqanları ilə, o cümlədən Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılma prosesindən keçməlidir. Ona görə də növbəti mərhələlərdə bu təklifləri mütləq şəkildə dəyərləndirib nəzərə alacağıq.

Sertifikatsiya haqqında qanun qəbul edildikdən sonra qaydalar da hazırlanacaq və həmin qaydalarda da əmək haqlarının artırılma faizi ehtiva olacaq”. 

Nuranə Daxilqızı