“Müflisləşib kredit dəstəyinə ehtiyacı olan sahibkarlar var”

muflislesib-kredit-desteyine-ehtiyaci-olan-sahibkarlar-var
Oxunma sayı: 451

“Bakı şəhərində qarşımıza çıxan tikintisi yarımçıq qalmış çoxmərtəbəli binaların işinin tamamlanması üçün sahibkarlara ciddi dəstək verilməsini gözləyirik. Elə sahibkarlar var ki, müflisləşib və kredit dəstəyinə ehtiyacları var”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

Millət vəkilinin sözlərinə görə, sahibkarların böyük problemləri bəzən məhkəmə ilə bağlı ortaya çıxır: “Bir çox hallarda girov qoyduqları əmlakın vəsaitini ödədikdən sonra banklar yenə də onların əmlakını girovdan çıxarmırlar və bildirirlər ki, məhkəməyə müraciət edin. Sahibkar yenidən məhkəməyə müraciət etməli olur.

Biz burada dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hakimlərin sayı kifayət qədər deyil və hakimlər müraciət edən vətəndaşların şikayət yükü altında əzilməkdədirlər. Böyük əksəriyyət gün ərzində, xüsusilə inzibati xarakterli müraciətlər üzrə bəlkə də 10-15 məsələyə qədər baxmalı olurlar. Bu da bir işin tamamilə mükəmməl şəkildə oxunub düzgün qiymətləndirilməsinə imkan vermir”.

Nuranə Daxilqızı