“Müsəlman ölkələri problemlərini müstəqil həll etməlidir” - Hakan Fidan

muselman-olkeleri-problemlerini-musteqil-hell-etmelidir
Oxunma sayı: 376

Türkiyənin xarici işlər naziri Hakan Fidan regionda davamlı sabitliyin təmin olunması üçün ərəb və İslam ölkələrini öz müstəqil təhlükəsizlik arxitekturasını qurmağa çağırıb.

“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə “Əl-Cəzirə” telekanalına verdiyi geniş müsahibədə bildirib.

H. Fidan vurğulayıb ki, bölgə ölkələri arasında fundamental və mütləq etimad mühitinin yaradılması xarici asılılığı aradan qaldırmaq üçün yeganə yoldur.

O, Avropa İttifaqı təcrübəsini nümunə gətirərək, İslam dünyasının da bənzər bir icma qura biləcəyini qeyd edib:

“Bu, iki-üç ölkə ilə başlayıb, zamanla bütün regionu əhatə edən geniş həmrəylik platformasına çevrilə bilər”.

Nazir regional birliyin olmadığı təqdirdə qlobal “hegemon” güclərin müdaxiləsinin qaçılmaz olduğunu və bunun ağır nəticələr doğurduğunu xatırladıb:

“Hegemon dövlətlər problemləri həll etmək adı ilə gəlsələr də, sonda daha pis miras qoyur və öz xidmətləri qarşılığında “ödəniş” tələb edirlər. ABŞ və digər xarici güclərin regiondakı fəaliyyəti buna nümunədir. Odur ki, müsəlman ölkələrinin öz problemlərini müstəqil və institusional şəkildə həll etməsi vacibdir. Regiondakı ən böyük maneə millət və dövlətlər arasındakı etimadsızlıqdır. Bu problemin həlli sadəcə heç bir ölkənin dominantlığı olmadan baş tutacaq”.