Məşhur Hollivud aktyoru Tom Kruzun naməlum qadına diqqət göstərməsinin görüntüləri sosial şəbəkələrdə viral olub.
“Qafqazinfo” xəbər verir ki, “TikTok”da Klementina adlı istifadəçi tərəfindən paylaşılmış müşahidə kamerasının görüntülərində aktyorun başı telefona qarışmış qadın əməkdaşa yaxınlaşdığı əks olunub.
Bu duyğusal epizod 64 yaşlı aktyorun yeni filmi olan “Diqqer”in (Digger) promoturu zamanı baş verib. Belə ki, Tom Kruz ehtiyatla qadının çiyninə toxunaraq, sanki hər şeyin qaydasında olub-olmadığını soruşur.
Qadın başını qaldırır və Hollivud ulduzunu tanıyaraq, sanki bir anlıq donub qalır. Əməkdaşın halının yaxşı olduğuna əmin olduqdan sonra aktyor ona ayağa qalxmağa kömək edir.
Videoya yazdığı şərhdə qız etiraf edib ki, ilk anda tam şok vəziyyətində olub və aktyorun adını belə güclə tələffüz edib. Daha sonra Kruz yenidən yanından keçəndə isə o, aktyordan birlikdə foto çəkdirməyi xahiş edib.
Qadının dəqiq harada işlədiyi məlum deyil, lakin videoda onun ağ köynək və önlük geyindiyi görünür. Bu gözlənilməz görüşün xidməti dəhlizdə və ya pərdəarxası zonada baş verdiyini güman etmək olar.
İnternet istifadəçiləri isə aktyorun kədərli görünən bir insana göstərdiyi diqqət və xeyirxahlığı yüksək qiymətləndiriblər.
Son xəbərlər
Son Xəbərlər