Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya müxalifət lideri Aleksey Navalnının zəhərli ox qurbağası toksinindən (batrakotoksin – red.) əldə olunan maddə ilə öldürüldüyünü açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, London iki il sonra aparılan material analizlərinə əsaslanaraq məsuliyyəti Kremlin üzərinə qoyub.
Nazirliyin bəyanatında bildirilib ki, Navalnının Sibirdə yerləşən cəza koloniyasında ölümündən sonra götürülmüş bioloji nümunələrin təhlili zamanı onun orqanizmində “epibatidin” toksini aşkar edilib. Rəsmi açıqlamada bu maddənin mövcudluğunun “sadə və təbii izahının olmadığı” vurğulanıb.
Bəyanat Münhen Təhlükəsizlik Konfransı çərçivəsində səsləndirilib.
“Aleksey Navalnının həbsdə olduğu müddətdə bu ölümcül toksindən istifadə etmək üçün vasitə, motivasiya və fürsətə malik yeganə tərəf Rusiya hökuməti idi”, - Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper bildirib.
London və müttəfiqləri təhlil nəticələrinə əsaslanaraq, Navalnının ölümünə görə Kremlin məsuliyyət daşıdığını bəyan ediblər. Birgə açıqlamaya İsveç, Fransa və Niderland hökumətləri də qoşulub.
Qeyd edək ki, Navalnı Vladimir Putinin ən güclü siyasi rəqiblərindən biri hesab olunurdu və daha əvvəl də zəhərlənmə iddiaları ilə gündəmə gəlmişdi.
Navalnının 2024-cü ilin fevralında Sibir cəza koloniyasında öldüyü açıqlanmışdı. Rusiya hakimiyyəti ölüm səbəbinin “qəfil xəstəlik” olduğunu bildirsə də, ailəsi və tərəfdarları bunun təbii ölüm olmadığına dair iddialar irəli sürərək, müstəqil araşdırma tələb etmişdilər.
Navalnının anası günlərlə oğlunun cəsədinin təhvil verilməsi üçün müraciət etmiş, lakin cəsəd müəyyən müddət saxlanılmışdı. Rəsmi qurumlar bunu istintaqın davam etməsi ilə əlaqələndirsələr də, müxalif dairələr gecikmənin mümkün sübutların gizlədilməsi məqsədi daşıdığını iddia etmişdilər.
Son xəbərlər
Son Xəbərlər