Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın tarixinə gələcəyi ilə bağlı çox mühüm, möhtəşəm səhifəni yazdı.
Regionların sosial-iqtisadi inkişafı dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Əlverişli coğrafi məkana, zəngin iqtisadi potensiala malik olan ölkəmiz bu resurslardan səmərəli istifadə edərək həm regional inkişafın aparıcı qüvvəsi, həm də dünya siyasətində yeri və mövqeyi ilə diqqətdədir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin nüəyyənləşdirdiyi neft strategiyasının Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapir. Neft gəlirlərindən səmərəli istifadə, şəffaflığın yüksək səviyyədə təmin edilməsi iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra qarşıda dayanan vəzifələri açıqlayarkən əsas çağırışlardan biri bu oldu ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Biz neft kapitalını insan kapitalına çevirməliyik. Bu hədəf regionların malik olduğu potensialdan səmərəli istifadəni bir zərurətə çevirdi. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında ardıcıl olaraq regionların social-iqtisadi inkişafına dair 4 Dövlət Proqramı təsdiqləndi və uğurlu icrası bu gün həm iqtisadi, həm də sosial göstəricilərdə özünü təsdiqləyir.
Bölgələrin sosial-iqtisadi inkişafı hər zaman dövlətin diqqətində olub
Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq bölgələrə səfərləri, görülən işlərlə yaxından tanış olması hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verir. Bu günədək icra edilən Dövlət proqramlarında qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafı da xüsusi yer tutub. Muxtar Respublikanın Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yeri var, ölkəmizin inkişafında mühüm rol oynayır. Avqustun 11-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri bir daha bu reallıqların təqdimatı oldu. Muxtar respublika bu gün Dövlət proqramlarını və infrastruktur layihələrini uğurla həyata keçirir, ölkənin iqtisadi qüdrətinin artırılmasında və intellektual potensialının gücləndirilməsində yaxından iştirak edir.
Naxçıvanda həyata keçirilən genişmiqyaslı yenilənmə yalnız iqtisadiyyat, sosial həyat və infrastrukturla məhdudlaşmır. Dövlət idarəetməsinin müasir tələblər əsasında təkmilləşdirilməsi də yeni inkişaf modelinin mühüm istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyev tərəfindən 10 mart 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya Qanunu təsdiqlənib və həmin Qanunun tətbiqi ilə bağlı Sərəncam imzalanıb. Konstitusion islahatlar yeni idarəetmə modelinin hüquqi əsaslarını formalaşdırıb. Qəbul edilmiş dəyişikliklər Naxçıvan Muxtar Respublikasında idarəetmə strukturunun yenilənməsi və səlahiyyət bölgüsünün dəqiqləşdirilməsi baxımından mühüm müddəaları ehtiva edir.
Nəzərə alsaq ki, hər bir ölkənin inkişafında təkmil idarəçilik sistemi əhəmiyyətli rol oynayır, Azərbaycan digər sahələr kimi, bu istiqamətdə də dövrün, zamanın çağırışlarına uyğun olaraq atdığı addımları ilə dünyanın diqqətindədir. Dövlət başçısı İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir daha diqqəti bu reallıqlara yönəltdi. “Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir” söyləyən Prezident İlham Əliyev vurğuladı ki, ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərndən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir: “Biz Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük. Əminəm ki, artıq orada yaşayan 90 mindən çox insan da bunu görür. Eyni idarəetmə - Prezidentin xüsusi nümayəndəliyi Naxçıvanda da tətbiq olundu. Beləliklə, kadr islahatları ilə paralel olaraq, bu struktur islahatları da, əlbəttə, əsas hədəfə istiqamətlənmiş bir yanaşmadır ki, bu bölgə, bu qədim diyar daim inkişaf etsin, insanlar burada rahat, təhlükəsizlik şəraitində yaşasınlar, firavan yaşasınlar.”
Naxçıvanın təqribən yarıməsrlik dövrü Ümummilli Liderin fəaliyyəti ilə sıx bağlıdır
Dövlət başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafının yeni mərhələsinin aydın mənzərəsini yaradan mühüm addımlarla tarixə yazıldı. Ölkə Prezidentinin 2003-cü ildən bu günədək muxtar respublikaya reallaşdırdığı 17 səfərin hər biri bu günü və gələcəyi üçün müəyyənləşdirilən addımlarla yadda qalıb. Budəfəki səfər zamanı iqtisadi inkişaf, sosial rifah, nəqliyyat, sənaye, energetika, turizm, tarixi-mədəni irsin qorunması, təhlükəsizlik. Şəhərsalma və digər istiqamətlərdə hazırkı mərhələyə qədər görülən işlərə baxış əsasında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər təqdim edildi.
Muxtar respublikanın sosial-iqtisadi inkişafının prioritetliyi bu günədək təsdiqlənən və uğurla icra edilən Dövlət proqramlarında aydın ifadəsini tapır. Belə ki, 2023-cü ildə dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiqləndi. Təbii ki, bu günün reallıqları ötən dövrün təhlilini bir tələb kimi qarşıya qoyur. Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti dövründə Ermənistan tərəfindən blokada şəraitində olan regionun sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və tərəqqisi üçün əhəmiyyətli tədbirlər görülmüş, aqrar islahatlar reallaşdırılmış, infrastrukturun inkişafı istiqamətində mühüm işlər həyata keçirilmişdir. Məhz Ulu Öndərin uğurlu siyasəti sayəsində bölgənin inkişafının və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələr qurulmuş, sonrakı dövr üçün ölkəmizin bütün regionları kimi, Naxçıvanın da sosial-iqtisadi inkişafında möhkəm bünövrə formalaşdırılmışdır. Ümummilli Liderin həyata keçirdiyi islahatların hər biri Azərbaycanın gələcək inkişafı üçün təməl idi. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində muxtar respublikanın hərtərəfli inkişafına xüsusi diqqət göstərmişdir. Bu qətiyyət torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin qarşısında sipər olmuşdur. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi “Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda, Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, – halbuki birinci növbədə Azərbaycan üçün, – geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir” fikirləri özündə mühüm məqamları ehtiva edir. Prezident İlham Əliyevin “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Davamlı iqtisadi artımın təmin edilməsini, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını və muxtar respublikanın ölkə iqtisadiyyatına tam inteqrasiyasını hədəfləyən Dövlət Proqramında 11 prioritet istiqamət müəyyən edilib. Bununla yanaşı, Naxçıvanda yeni istilik elektrik stansiyasının tikintisi, Naxçıvan Sənaye Parkının yaradılması, Naxçıvan şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, eləcə də muxtar respublikanın paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı qəbul edilmiş qərarlar inkişaf prosesinin kompleks və uzunmüddətli xarakter daşıdığını göstərir.
Naxçıvan Sənaye Parkı: yeni investisiyalar və yeni iş yerləri
Dövlət başçısı avqustun 11-də muxtar respublikaya reallaşdırdığı səfəri çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə Naxçıvan Sənaye Parkının təməlqoyma mərasimində iştirak etdilər. Sənaye parkı Azərbaycan Prezidentinin 2024-cü ildə imzaladığı Fərmanla yaradılıb. Naxçıvan Sənaye Parkının fəaliyyətinin təşkili məqsədilə ilkin olaraq ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi, növbəti mərhələdə isə xarici və daxili infrastrukturun, o cümlədən elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal, inzibati, sosial və digər obyektlərin yaradılması nəzərdə tutulur. Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşən bu sənaye parkı 310 hektar ərazini əhatə edəcək. Artıq sənaye parkına potensial sahibkarların cəlb olunması istiqamətində bir sıra layihələr üzrə danışıqlar aparılır.
Qeyd edək ki, hazırda ölkəmizdə 8 sənaye parkı (Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı, Qaradağ Sənaye Parkı, Pirallahı Sənaye Parkı, Ağdam Sənaye Parkı, Hacıqabul Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı, Balaxanı Sənaye Parkı) fəaliyyət göstərir. Bundan başqa, Gəncə şəhərinin və Şəmkir rayonunun inzibati ərazilərində yaradılacaq Qərb Sənaye Parkında infrastrukturun qurulması üçün texniki şərtlərin alınması prosesi aparılır. Bu sənaye parklarında ümumilikdə 184 rezident qeydiyyata alınıb ki, onların da 101-i artıq fəaliyyət göstərir. İndiyədək rezidentlər tərəfindən 7,1 milyard manatdan çox investisiya cəlb edilib, 11 min 500-dən çox iş yeri yaradılıb. 2026-cı ilin iyulun 1-ə olan məlumata görə, sənaye parklarında ümumilikdə 21,4 milyard manatlıq məhsul istehsal edilib, bunun da 6,7 milyard manatlıq hissəsi ixrac olunub.
Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Azərbaycanda mənim göstərişimlə bir çox sənaye parkları yaradılmışdır və onların arasında ərazi nöqteyi-nəzərindən Naxçıvan Sənaye Parkı Sumqayıt Sənaye Parkından sonra ikincidir. Dediyim kimi, təməl daşı qoyuldu və əminəm ki, tezliklə bu Sənaye Parkında artıq praktiki işlər başlanacaqdır” söyləyərək onu da vurğuladı ki, eyni zamanda, bu Parkın tərkib hissəsi olaraq 300 meqavat gücündə istilik elektrik stansiyası inşa ediləcək. Bu gün Naxçıvanın generasiya gücü təqribən 200 meqavatdır. Təkcə bir stansiya bunu 1,5 dəfə artıracaq. Təbii ki, bu stansiyanın iki məqsədi var: birincisi, Naxçıvan Muxtar Respublikasını dayanıqlı enerji ilə təmin etmək, ikincisi, ixrac məsələləridir. Bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın.
Muxtar respublikanın sosial-iqtisadi inkişafında yeni mərhələ
Dövlət başçısı İlham Əliyevin muxtar respublikaya göstərdiyi diqqət sayəsində və tapşırığı ilə görülən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması, tarixi-mədəni abidələrimizin qorunması istiqamətində görülən işlər fonunda perspektivlər açıqlandı. Muxtar respublikanın iqtisadiyyatını, özəl bölməni inkişaf etdirmək, insanların qayğısına qalmaq, həyat tərzini yaxşılaşdırmaq, müasir dövrün çağırışlarına uyğun olaraq davamlı addımların atılması əsas hədəflərdəndir. Muxtar respublikanın iqtisadi-sosial inkişafını sürətləndirən, həmçinin qarşıdakı dövr üçün nəzərdə tutulan islahatlar möhtəşəmdir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, Naxçıvanda Günəş enerjisinin potensialı çox böyükdür. Aparılan monitorinq və dəqiq təhlil əsasında Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır. Buna görə artıq 600 hektardan çox ərazi müəyyən edildi və orada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyaları inşa ediləcək.
Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, dövlət başçısı İlham Əliyevin hər bir bölgəyə səfəri, həmçinin səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Tədbirlər Planının təsdiqləməsi hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərindən sonra imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında əksini tapan çağırışlar hazırda ölkə mətbuatında geniş şərh edilir. Belə ki, Naxçıvan Muxtar Respublikasında 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsini, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsini, habelə abadlıq-quruculuq işlərinin davam etdirilməsini təmin etmək məqsədilə imzalanan sənəddə qeyd olunan dövr ərzində görüləcək işlər və onların icra mexanizmləri öz əksini tapır. Sərəncamla muxtar respublikanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Azərbaycanın dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat ayrılması nəzərdə tutulub.
DOST mərkəzi Naxçıvanda
Əvvəldə qeyd etdiyimiz kimi, muxtar respublikanın iqtisadi inkişafı ilə yanaşı, əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təminatı, işsizlik probleminin həlli, sosial xidmət səviyyəsinin müasir tələblər səviyyəsinə yüksəldilməsi əsas hədəflər sırasındadır. Prezident İlham Əliyevin səfəri zamanı Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoydu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST Agentliyinin Naxçıvan Regional DOST Mərkəzinin açılışında iştirak etdilər. Mərkəzdə əhaliyə 164 sosial xidmət göstəriləcək. Ümumilikdə 117 işçinin və 50 könüllünün fəaliyyət göstərəcəyi mərkəzdə gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbulu nəzərdə tutulur.
Son illərdə ölkəmizdə həyata keçirilən sosial islahatlar dünya səviyyəsində yüksək qiymətləndirilir və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən 300-dən artıq mükafat və sertifikatla təltif olunub. Onların arasında “Hamı üçün inklüziv və bərabər sosial təminat xidmətləri” təşəbbüsünə görə BMT-nin Dövlət Xidmətləri Mükafatı da var. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST mərkəzləri sosial xidmətlərin göstərilməsində keyfiyyətcə yeni mərhələnin formalaşmasına səbəb olub. Bu mərkəzlərdə indiyədək vətəndaşlara 164 növ xidmət, ümumilikdə isə 4,6 milyon sosial xidmət göstərilib, xidmətlərdən məmnunluq səviyyəsi isə təxminən 99 faiz olub. Hazırda DOST şəbəkəsinin ölkə üzrə genişləndirilməsi istiqamətində işlər davam etdirilir. 2026-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində DOST qəbul şöbələrinin yaradılması, 2030-cu ilədək isə ölkə üzrə 18 DOST mərkəzinin, o cümlədən 60 şöbə və məntəqədən ibarət geniş xidmət şəbəkəsinin formalaşdırılması nəzərdə tutulur.
Baş Plan - Naxçıvanın gələcək inkişafının yol xəritəsi
Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın açılışında və təməlqoyma mərasimlərində iştirak etdikləri, həmçinin görülən işlərlə tanış olduqları obyektlərin say tərkibinə diqqət yetirsək səfər proqramının genişliyi daha aydın görünür. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində inşa edilən, ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə, Naxçıvan şəhərində istifadəyə veriləcək elektrik mühərrikli yeni avtobuslara baxıb, Naxçıvan Muxtar Respublikasının dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış oldular, Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimdə, “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış oldular. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Konsepsiya şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb. Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Konsepsiyaya əsasən, tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insanyönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq. Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən Baş Planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək. Baş Planda Naxçıvanın zəngin tarixi-mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabətqabiliyyətliliyinin artırılmasına imkan yaradacaq. Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb.
Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində “Bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Məsələn, azad edilmiş bütün ərazilərdə şəhərlərin Baş planları təsdiqləndi. Mən göstəriş verdim ki, Naxçıvan şəhərinin də Baş planı işlənilsin, hazırlansın, - bu gün mənə təqdim edilmişdir, - şəhərin inkişafı, müasir infrastrukturun yaradılması ilə bağlı əlavə tədbirlər görülsün” söylədi və bu məqamı da xüsusi qeyd etdi ki, Naxçıvanın turizm potensialı çox zəngindir: həm tarixi abidələri, həm gözəl təbiəti, təmiz havası və mənzərəli yerləri var. Ancaq əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir. Bu gün şəhərin mərkəzində beşulduzlu yeni mehmanxananın təməli qoyuldu və yəqin ki, təqribən 2028-ci ildə hazır olacaq. Yəni dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan” Mehmanxana Kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Göründüyü kimi, hər bir hədəf, çağırış real addımlarda özünün aydın ifadəsini tapir. Digər bölgələr kimi, muxtar respublikanın da hərtərəfli inkişafı, malik olduğu potensiala söykənərək kompleks tədbirlərin həyata keçirilməsi əsasdır. Bu, özünü istər Prezident İlham Əliyevin imzaladığı sənədlərdə, təsdiqlədiyi Dövlət Proqramlarında, qəbul etdiyi qərarlarda özünü nümayiş etdirir. Qəbul edilmiş qərarların ardıcıl və sistemli icrası bu inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Rəqəmlərə diqqət yetirsək görərik ki, Naxçıvan Muxtar Respublikası ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2 Fərman və 5 Sərəncam imzalanıb, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən isə 10 Sərəncam və 15 Qərar qəbul edilib.
Coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək
Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Naxçıvan böyük nəqliyyat və logistika xəritəsinin mühüm qovşağına çevrilir. Belə ki, Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir.
Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək. Prezident İlham Əliyev sözügedən müsahibəsində Zəngəzur dəhlizinin gələcək perspektivlərinə diqqəti yönəldərək bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Nəticə etibarilə 2025-ci il avqustun 8-də tarixi Vaşinqton Zirvə Görüşündə bu məsələ öz həllini tapdı. TRIPP adını daşıyan bu layihənin icrasına artıq start verilmişdir. Avqustun 8-də Prezident Donald Trampla söhbət əsnasında bu məsələyə toxunuldu və hər iki tərəf əminliyini vurğuladı ki, bu önəmli nəqliyyat layihəsi mütləq və tezliklə icra ediləcək. Bu yolun əhəmiyyəti təkcə Azərbaycan yox, geniş coğrafiya üçün olacaq. Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcəkdir. Bu, tam mümkündür: “Hamımız yaxşı bilirik, dəfələrlə bu barədə danışmışıq, ölkəmizin açıq dənizlərə çıxışı yoxdur, okeanlara çıxışı yoxdur. Amma bu gün Avrasiya nəqliyyat dəhlizlərinin icrası məsələləri müzakirə olunanda bizi “bypass” etmək, bizdən yan keçmək mümkün deyil. Bax, Naxçıvanın da eyni gələcəyi olacaqdır və əlbəttə ki, bu bizə həm iqtisadi, həm başqa dividendlər gətirəcək”.
Mədəni irsin qorunması dövlət siyasətində prioritetdir
Minilliklərə söykənən Naxçıvan tarixinin, zəngin memarlıq məktəbinin və mədəni irsinin qorunaraq gələcək nəsillərə çatdırılması həyata keçirilən dövlət siyasətinin ayrılmaz istiqamətidir. Səfərin proqramında digər vacib sahə məhz Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Prezident İlham Əliyev müsahibəsində bildirdi ki, Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda, digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik.
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanış oldular. Möminə xatun türbəsi 2001-ci ildə dünya əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülüb. 1998-ci ildə isə UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Qeyd edək ki, bu layihənin icrası tarixi irsimizin qorunması və təbliği baxımından çox mühüm əhəmiyyət daşıyır. Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığının isə incilərindən biri olan Möminə xatun türbəsi böyük tarix və mədəniyyət yadigarımızdır. Görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin yaratdığı bu nadir və monumental sənət nümunəsi kompozisiya həlli ilə seçilir. Türbə, həmçinin Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani göstəricisidir. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, həmçinin Naxçıvan şəhərindəki “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışında iştirak etdilər. Orta əsrlər Azərbaycan memarlığının inkişafında mühüm rol oynayan memar Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilk növbədə Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərimizin parlaq irsinə göstərdiyi diqqətin təzahürüdür. Bu layihənin icrası, eyni zamanda, onların fəaliyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biridir.
Bu illər ərzində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi məsələsi də prioritetlər sırasında olub. Bu istiqamətdə böyük işlər görülüb və bu gün də uğurla davam etdirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, səfər çərçivəsində Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan əməliyyat (komando) hərbi hissələrinə Döyüş bayraqlarının verilməsinə həsr olunmuş mərasimində bir daha Naxçıvanın hərbi gücü həm texnika ilə təchizat, həm də yeni komando qüvvələrinin yaradılması baxımından özünü göstərdi. Bu da Azərbaycan Silahlı Qüvvələrində son vaxtlar müşahidə olunan mənzərədir: “Bildiyiniz kimi, Naxçıvanda mənim Sərəncamımla Əlahiddə Ordu yaradılmışdır. Bu ordu, təbii ki, Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ancaq Naxçıvanın spesifikası, coğrafiyası, Azərbaycanla, Azərbaycanın əsas hissəsi ilə coğrafi bağlantısının olmaması, əlbəttə ki, bu diyarın - muxtar respublikanın təhlükəsizliyinə daha böyük diqqət göstərməyimizə gətirib çıxardı və bu, daim belədir. Ona görə bu, birinci şərtdir. Bu gün qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir. O cümlədən Naxçıvanda hərbi potensial gündən-günə gücləndirilir və gücləndiriləcək”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın tarixinə gələcəyi ilə bağlı çox mühüm, möhtəşəm səhifəni yazdı. Yeni mərhələ üçün yol xəritəsi kimi dəyərləndirilən bu səfər çərçivəsində şahidi olduğumuz mühüm addımlar, muxtar respublikanın hərtərəfli inkişafına verilən önəm hər birimizi daha da qürurlandırdı. Prezident İlham Əliyevin “Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək” fikirləri muxtar respublikanın dünəninə, bu gününə baxış, gələcəyi ilə bağlı müəyyənləşdirilən hədəflərin təqdimatı oldu. Bir sözlə, Naxçıvanın yeni inkişaf salnaməsi yazılır.
Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı