Nazirlik Quba OİK-lə bağlı prokurorluğa özü müraciət edib

nazirlik-quba-oik-le-bagli-prokurorluga-ozu-muraciet-edib
Oxunma sayı: 580

Gənclər və İdman Nazirliyi külli miqdarda mənimsəmədə ittiham olunan Bakı Gənclər və İdman İdarəsinin sabiq rəisi Raqif Abbasov və bu gün eyni ittihamla bağlı saxlanılan Quba Olimpiya Kompleksinin direktoru Rəşid Orucovla bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hər iki şəxslə bağla audit yoxlaması nəticəsində qayda pozuntuları aşkar edilib.

“Gənclər və İdman Nazirliyi fəaliyyətində şəffaflığın təmin olunmasını, maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə nazirlik tərəfindən tabeli qurumlarda mütəmadi olaraq planlı monitorinqlər və audit yoxlamaları həyata keçirilir.

2023-cü ildə Gənclər və İdman Nazirliyinin Daxili audit sektoru tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsində aparılan audit yoxlaması zamanı bir sıra maliyyə pozuntuları aşkar edilib. Aşkar olunmuş hallara hüquqi qiymət verilməsi məqsədilə nazirlik rəsmi olaraq müvafiq sənədləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktlarla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri nəticəsində toplanmış materiallar məhkəməyə göndərilib. 

Eyni zamanda, cari ildə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr barədə “Azəridmanservis” MMC tərəfindən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla müraciət edilib.

Nazirlik şəffaflığın təmin edilməsi, maliyyə intizamının qorunması və aşkar edilmiş nöqsanlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir”, - məlumatda vurğulanıb.

Elsevər Məmmədov