Naxçıvan Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə İncəsənət fakültəsinin “Təsviri incəsənət müəllimliyi” və “Rəngkarlıq” ixtisasları üzrə təhsil alan tələbələrinin müəllim əməyinə həsr olunmuş 45 bədii əsərdən ibarət sərgisinə baxış keçirilib.
Sərgidə tələbələrin yaradıcılıq nümunələri nümayiş etdirilib.
Tədbirdə öncə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Daha sonra Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan NDU-nun rektoru Elbrus İsayev professor-müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Rektor müəllimlik peşəsinin cəmiyyətin inkişafında, savadlı və vətənpərvər gənc nəslin formalaşmasında mühüm rolunu vurğulayıb. Ulu Öndər Heydər Əliyevin müəllim əməyinə verdiyi yüksək dəyərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor dövlətin təhsilə göstərdiyi diqqət və qayğının Naxçıvan Dövlət Universitetinin inkişafında da özünü göstərdiyini bildirib.
Rektor bu diqqətin davamı olaraq universitet əməkdaşlarının əməkhaqlarının 15 faiz artırılmasının nəzərdə tutulduğunu da qeyd edib. Bildirib ki, bu addım universitet əməkdaşlarının sosial rifahının yüksəldilməsinə və onların əməyinə verilən dəyərin ifadəsinə xidmət edir.
Tədbirdə pedaqogika elmləri doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, professor İsmayıl Əliyev, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü, Əməkdar Elm Xadimi, professor Hacıfəxrəddin Səfərli və “Avropa dilləri” kafedrasının baş müəllimi Kövsər Abbasova çıxış ediblər. Çıxışlarda müəllimlik fəaliyyətinin ənənələri, təhsil və elmin inkişafında pedaqoqların rolu, gənc nəslin yetişdirilməsində müəllim məsuliyyəti və müəllim əməyinə göstərilən dövlət qayğısından bəhs olunub.
Tələbə Gənclər Təşkilatının sədri Hüseyn Tahirov isə çıxışında müəllimlik peşəsinin məsuliyyətindən, mənəvi dəyərindən və tələbələrin gələcək fəaliyyətinin formalaşmasında müəllimlərin rolundan danışıb.
Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi nömrələri təqdim olunub. Bədii proqram fakültənin ansamblının müşayiəti ilə davam edib.
Proqram çərçivəsində E.İbrahimovanın “Daha məndə dözüm yox”, Ə.Tağıyevin “Sənin gülüşlərin”, o cümlədən P.Bülbüloğlunun “Şən Azərbaycan” əsərləri ifa olunub. Bununla yanaşı, “Bayatı-Şiraz” təsnifi, “Yana-yana kül oldum” xalq mahnısı və E.İmanovun “Ana” mahnısı səsləndirilib.











Son xəbərlər
Son Xəbərlər