“Nə maaşımı verdilər, nə də təzminatımı...”

ne-maasimi-verdiler-ne-de-tezminatimi
Oxunma sayı: 611

“Günlərlə artıq işlədim, amma nə əməkhaqqımı tam ala bildim, nə də məzuniyyət pulumu. Heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldım”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində yerləşən “Lux Residence” şirkətində mühəndis işləmiş Qabil Hacəsgərli müraciət edib.

Vətəndaşın iddiasına görə, o, oktyabrın 13-ü hər hansı xəbərdarlıq olunmadan və təzminat ödənilmədən işdən qanunsuz çıxarılıb: “İşəgötürən tərəfindən əmək hüquqlarım tapdalanıb. Qanunvericiliklə müəyyən edilmiş iş vaxtı norması pozularaq hər gün 10 saat işləməyə məcbur edilmişəm. Bu da ayda 52 saat əlavə iş vaxtı deməkdir. Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən, artıq işlənilən hər bir saat üçün ödəniş ikiqat hesablanmalıdır, lakin bu ödənişlər mənə verilməyib”.

Q.Hacəsgərli bildirib ki, bir ay yarıma görə əməkhaqqısı ödənilməyib: “Sentyabr ayının tam əməkhaqqı və oktyabr ayının işlədiyim 13 gününün maaşı da verilmir. Bundan əlavə, 2025-2026-cı illər ərzində məzuniyyət hüququmdan istifadə edə bilməmişəm və məzuniyyət pulum ödənilməyib. Qanunvericiliyə görə, əmək müqaviləsi işəgötürən tərəfindən əsassız pozulduqda 3 aylıq təzminat ödənilməlidir, lakin bu tələb də yerinə yetirilməyib”.

Şikayətçi, həmçinin iddia edib ki, şirkət tərəfindən vergidən və sosial ödənişlərdən yayınma halları olub: “Mənə heç bir bankdan maaş kartı təqdim edilməyib. Əməkhaqqımı ancaq əldən-ələ götürmüşəm. Vergidən yayınıblar. Məni işdən çıxaranda rəsmi sənəd də təqdim etmədilər, çünki onlarda qanunsuzluq çoxdur. Biz hüquqi dövlətdə yaşayırıq”.

Məsələ ilə bağlı “Lux Residence” şirkətinə sorğu ünvanladıq. Kadrlar şöbəsinin İnsan resursları üzrə mütəxəssisi Esmira Muradəliyeva müraciətimizə cavab olaraq bildirdi ki, Qabil Hacəsgərli sözügedən şirkətin əməkdaşı deyil: “Bu məsələdə şirkətin adının çəkilməsinin tərəfdarı deyiləm. Çünki Hacəsgərli Qabil şirkətin işçisi olmayıb. Həmin mühəndis fərdi sahibkarın adına götürülüb. Vaxtilə onunla əmək müqaviləsi bağlanıb. Müqavilənin bitməsinə 10 gün qalmış xəbərdarlıq məktubu alıb, ancaq imtina edib. İmtina etdi, qol çəkmədi, amma bu o demək deyil ki, biz onu işdən azad etməyəcəkdik. 10 saat işləmək məsələsi də yalandır. Biz heç kimi məcbur etmirik. İşini vaxtında bitirmirsə, bu onun problemidir. İşçilərə bir saat nahar, bir saat çay fasiləsi verilir. 10 saat haradan olur? Ştat ixtisara gedirsə, kompensasiya bu zaman verilir. Qabil Hacəsgərli isə müddətli müqavilənin bitməsi ilə işdən azad edilib. Bu zaman kompensasiya ödənilməməlidir. Məzuniyyət pulu da ödənilib”.

Problemlə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan məsələ ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət daxil olub. Hazırda müraciət araşdırılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Fatimə Şahverdiyeva