“Bu il işğaldan azad edilmiş ərazilərdə beş məktəb binası istifadəyə verilib”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.
“Həmin məktəblər Şuşa 1 saylı, Xocalı 1 saylı, Xankəndi 4 saylı, Laçın rayonu Sus kənd məktəbi və Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına məktəblərdir. Bundan əvvəlki illərdə isə Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayon Ağalı kənd məktəbi tikilərək istifadəyə verilib. 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisəsində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib”, - deyə nazir bildirib.
Nazir, həmçinin bildirib ki, ölkədə olan 4450-yə yaxın məktəbin 4 minə yaxını yaxşı vəziyyətdədir: “Bizim məktəblərin 85-90 faizinin vəziyyəti yaxşıdır. 450-yə yaxın məktəb var ki, onların əsaslı təmirə və yaxud yenidən tikilməsinə ehtiyac var. 2021-ci ildə 950 məktəbimiz qəzalı idisə, bu gün bunların sayı 400 civardadır. Növbəti illərdə də bunların təmiri sürətlə davam edəcək. Müəyyən ardıcıllıqla bu iş davam etdirilir”.
Nuranə Daxilqızı